Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə rayon gənclərinin yekun toplantisi keçirildi

01 fevral 2016 | 11:00

Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə rayon gənclərinin yekun toplantısı keçirilmişdir.

Toplantıdan öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin muzey bölməsində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.

Toplantını açıq elan edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını Azərbaycan gəncləri günü münasibəti ilə təbrik etmiş və bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gün respublikamızın hər yerində olduğu kimi Yasamal rayonunda da geniş şəkildə qeyd edilir. İlham Səfərov ötən dövr ərzində görülmüş işlər haqqında geniş hesabat məruzəsi ilə çıxış etmiş, Azərbaycan Gəncləri gününün qeyd edilməsi məqsədi ilə idarə tərəfindən xüsusi tədbirlər planının işlənib hazırlandığı toplantı iştirakçılarının diqqətinə çatdırılmışdır. İlham Səfərov çıxışında bildirmişdir ki, tədbirlər planı çərçivəsində keçirilmiş çoxşaxəli idman və gənclər tədbirləri rayon gənclərinin böyük marağına səbəb olmuş, keçirilən tədbirlərdə gənclərin kütləviçiliyi təmin edilmişdir. İ.Səfərov çıxışında xüsusilə qeyd etdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə rəhbərliyə qayıdan Heydər Əliyevin ilk imzaladığı fərman, respublika tarixində ilk dəfə olaraq gənclərlə iş sahəsində dövlət qurumu olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması haqqında olmuşdur. Gənclər və İdman Nazirliyinin yaradılmasında qarşıya qoyulan başlıca məqsəd gənclər siyasətinin prioritet istiqamətlərini müəyyən etmək, gənclərlə iş sahəsində hüquqi normativ bazanın formalaşdırılmasını təmin etməkdən ibarət olmuşdur. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Ali orqanı olan I Forumun keçirildiyi, I Forumda Ümummilli Lider Heydər Əliyevin proqram xarakterli çıxışında gənclərin qarşısına mühüm vəzifələr qoyulduğu toplantı iştirakçılarının diqqətinə çatdırıldı. İlham Səfərov qeyd etmişdir ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev gənclərin istək və arzularını nəzərə alaraq 2 fevral tarixinin Azərbaycan Gəncləri günü elan edilməsi barədə müvafiq sərəncam imzalamışdır. Bu Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu və beləliklə Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq Azərbaycanda qeyd olunduğunu xüsusi ilə vurğuladı.

Toplantıda çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ölkəmizin 2015-ci ili də məhsuldar başa vurduğunu, bütün iqtisadi və sosial layihələrin uğurla icra olunduğunu, ötən ildə dövlətimiz qarşısına qoyduğu bütün vəzifələri uğurla icra etdiyini, ölkə Prezidenti İlham Əliyevin cənablarının rəhbərliyi altında Azərbaycan dövlətinin öz inkişaf tempini saxlaya bildiyini bildirmişdi. İ.Mehdiyev ötən dövr ərzində ölkəmizin təhlükəsizliyinin təmin edildiyini, ölkəmizin qətiyyətlə müstəqillik və inkişaf yolu ilə getdiyini nəzərə çatdıraraq, dünyanı bürümüş iqtisadi və maliyyə böhranının Azərbaycanın uğurlu inkişafına təsir etmədiyini, bunun başlıca səbəbinin ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət olduğunu xüsusi ilə qeyd etmişdir. İ.Mehdiyev çıxışında bildirmişdir ki, Azərbaycan son illər ərzində dünyada iqtisadi artım tempinə görə sürətlə inkişaf edən ölkələr sırasındadır. Məhz bunun bariz nümunəsidir ki, dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı, tələbə və pensiyaçıların təqaüdləri, habelə sosial müavinətlərin miqdarı cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə artırılmışdır. İ.Mehdiyev çıxışında dövlət idarəçilik sisiteminin təkmilləşdirilməsi sahəsində ölkə rəhbərliyi tərəfindən aparılan işlərin rayon sakinləri tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi. O, ASAN xidmət mərkəzlərinin ölkə başçısı İlham Əliyev cənablarının söylədiyi kimi korrupsiyaya qarşı çox güclü silah olduğunu bir daha vurğuladı. İ.Mehdiyev çıxışında qeyd etmişdi ki, sevindirici haldır ki son illər gənclərimiz ölkənin ictimai-siyasi, sosial, ordu quruculuğu, idman, elm və təhsil sahələrində uğurla təmsil olunurlar. Gənc alimlərimizin elm sahəsində əldə etdiyi uğurlar, o cümlədən beynəlxalq miqyasda yeni-yeni elmi ixtiralara imza atması bunun bariz nümunəsidir. Bu uğurlar bizə onu deməyə əsas verir ki, biz bu naliyyətlərlə respublika Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın ərazi bütövlüyünü ən yaxın zamanlarda bərpa edəcəyik.

İ.Mehdiyev aparılan quruculuq abadlıq işlərinin hər yerdə olduğu kimi Yasamal rayonunda da uğurla həyata keçirildiyini qeyd etmiş, Bakı şəhərinin Baş Planına uyğun olaraq, Azərbaycan və Nərimanov prospektləri arasındakı ərazidə çox saylı yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi kimi qlobal layihənin icrasının həyata keçirildiyini nəzərə çatdırmışdır. O, çıxışında qeyd etmişdir ki, ötən il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rayon ərazisində fəaliyyət göstərən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin, N.Nərimanov parkı ilə və H.Cavid parkını birləşdirən yeni salınmış avtomobil yolunun, metronun Elmlər Akademiyası stansiyasının yeni çıxışların açılış mərasımındə şəxsən iştirak etmişdir. İbrahim Mehdiyev daha sonra qeyd etmişdir ki, rayonumuzda həyata keçirilən iri miqyaslı layihələrlə yanaşı Bakı-2015 I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar irihəcmli abadlıq, yaşıllaşdırma və yenidənqurma işlərinin həyata keçirildiyini və bu işlərin davam etdiriləcəyini toplantı iştirakçılarının nəzərinə çatdırmışdır. Çıxışının sonunda cənab İbrahim Mehdiyev Azərbaycan Gəncləri günü münasibəti ilə rayon gənclərini bir daha təbrik etmiş, onlara gələcək təhsillərində və şəxsi həyatlarında nailiyyətlər arzulamışdır.

Tədbirdə bir qrup fəal gənc dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə, elmdə əldə etdiyi yüksək nailiyyətlərə görə, rayonun ictimai həyatında fəal iştirakına görə, habelə bir sıra kütləvi informasiya və mətbuat nümayəndələri dövlət gənclər siyasətinə həsr olunmuş tədbirlərin işıqlandırılmasında göstərdikləri səmərəli fəaliyyətinə görə Yasamal rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərmanlarla təltif olunmuşlar. Toplantıda idarə tərəfindən ötən dövr ərzində təşkil edilmiş bir sıra müsabiqələrin qalibləri diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Toplantıda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal rayonundan seçilmiş millət vəkili Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək iştirakçıları Azərbaycan Gəncləri günü münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulamışlar. Tədbirdə Olimpiya Çempionu Elnur Məmmədli iştirak etmişdir.

Keçidlər