Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqı yaşadan ucalıq

19 yanvar 2016 | 11:00

Azərbaycan xalqının tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi altı il keçir. Bununla əlaqədar bütün ölkə üzrə idarə və təşkilatlarda, həmçinin bir sıra xarici ölkələrdə olduğu kimi  Yasamal rayon M.Müşfiq adına 18 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru Rəna Süleymanova tədbiri giriş sözü ilə açaraq 20 Yanvarın xalqımızın qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi, eyni zamanda, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günü olduğunu vurğuladı.

Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev Dağlıq Qarabağ probleminin yaranma səbəblərindən, keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma" siyasətindən söz açaraq bildirdi ki, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. 26 il əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin hər zaman əziz tutulduğunu bildirdi və qeyd etdi ki, Yanvarın 21-də o zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi numayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdi.

Çıxış edənlərdən 20 Yanvar fondunun sədri, şəhid ailəsi Şövqi Bünyadzadə, şəhid Ağaverdiyev Aslanın həyat yoldaşı Zərifə Ağaverdiyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız sakinlərin qətlə yetirilməsindən, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olanların qəhrəmanlığından söz açdılar. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülüb, 638 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatma- yanlar, qadınlar, qocalar, şikəstlər də var idi.

M. Müşfiq adına 18 nömrəli məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyada Azərbaycan xalqının yenilməzliyi, qəhrəmanlığı, Vətənə, torpağa sədaqəti, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etməsi nümayiş etdirildi, qanlı 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar şəhidlərinin ailə üzvlərinə ərzaq yardımı paylandı, ehsan süfrəsi verildi, şəhidlərin ruhuna dualar oxundu.

Keçidlər