Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Beynəlxalq Müəllimlər günü qeyd edildi

05 oktyabr 2015 | 10:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “ İdeal” şadlıq sarayında böyük təntənə ilə Beynəlxalq “Müəllimlər günü“ qeyd edildi. Rayon ümumtəhsil məktəblərinin müəllimləri və rəhbərləri, qocaman müəllimlər bayram tədbirinin qonaqları oldular.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev dövlət başçısının təhsilə olan diqqət və qayğısından söz açaraq rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, maddi-texniki bazasının zənginləşdirilməsinə görə ölkə başçısına öz minnətdarlığını bildirdi. 2014/2015-ci tədris ilində rayonun orta ümumtəhsil məktəblərində təhsilini başa vurmuş 1937 buraxılış məzunlarından 2 nəfəri qızıl medal almaqla 1238 nəfəri yüksək nəticələr göstərərək tələbə adını qazanmışlar. Bu da ümumi sayın 64%-ni təşkil edir. Bunun böyük nailiyyət olduğunu bildirən Rayon İcra Hakimiyyətinin Başçısı 2015/2016-cı tədris ilində daha da yüksək nəticələr gözlədiyini və yüksək nəticələr göstərmiş təhsil müəssisələrinin digərlərinə örnək olacağını vurğuladı. Bildirdi ki, 2015/2016-cı tədris ilində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ali məktəblərə daxil olmuş 102 nəfər tələbəyə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb və bu Sərəncama əsasən 2015/2016-cı tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş 102 nəfər tələbəyə Prezident təqaüdü veriləcəkdir, sevindirici haldır ki, bunların 6 nəfəri Yasamal rayon məktəblərinin yetirmələridirlər.

Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası üzrə ümumilikdə 121 təhsil işçisi “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edilmişlər. Onlardan 5-i Yasamal rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərdir. Bu nailiyyətlər rayonda təhsil sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticələri kimi qiymətləndirilir.

Bakı şəhər Təhsil İdarəsinin şöbə müdiri Sevinc Rəsulova, rayon Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü Kərim Kərimov, rayon Ziyalılar cəmiyyətinin sədri, professor Rasim Nəbiyev, 52 saylı tam orta məktəbin direktoru Elmira Ələsgərova çıxış edərək hər bir müəllimin, tədris etdiyi fəndən asılı olmayaraq, şagirdləri vətənə, millətə layiq bir övlad olmağa hazırlanmasından danışdılar. Qeyd etdilər ki, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridirlər.

Tədbirdə səslənən çıxışlarda vurğulandı ki, cəmiyyət yaxşı insanlara görə müəllimə borcludur. Gənclərin əsl vətənpərvər kimi yetişməsi məktəbin qarşısında böyük vəzifələr qoyur. Nə yaxşı ki, bu peşənin bütün məsuliyyətini çiyinlərində daşıyan gözəl, mehriban müəllimlərimiz hələ kifayət qədərdir. Belə hörmət və məhəbbətə layiq olan müəllimlərimizə eşq olsun!

Tələbələrin ifasında maraqlı kompozisiyalar hamının ürəyincə oldu. İ. Əbilov adına Mədəniyyət Mərkəzinin bədii kollektivi rəngarəng konsert proqramı ilə çıxış etdi.

Rayon İcra Hakimiyyəti Başçısı adından fəxri fərmanlar və qiymətli hədiyyələr tədbir iştirakçılarına təqdim olundu.

Keçidlər