Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd edildi.

30 sentyabr 2015 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Xalq Şairi, dramaturq Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüblər.

Tədbirdə şair haqqında sənədli film nümayiş olunub.

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Prezident İlham Əliyevin "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 14 yanvar tarixli Sərəncamını ədəbiyyatımıza verilən yüksək qiymət kimi dəyərləndirib.Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının şairi olduğunu söyləyən N.Şəmsizadə fəlsəfi-intellektual poeziyanın nümunələrini yaradan qüdrətli şairin 60-cı illərdə sovet rejimini inkar edərək, milli mücadilə yolunda fədakarlıq göstərdiyini bildirib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Bəxtiyar Vahabzadənin yaradıcılığının xalqımıza verdiyi böyük töhvələrdən,şairin xalqımıza və dövlətimizə sədaqətlə xidmət etdiyindən söz açıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun şöbə müdiri Şahin Fazil, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Esmira Fuad, şair Vahid Əziz və başqaları şairin yaradıcılığının bu gün də yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını söyləyiblər.

Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarından olduğunu deyiblər. Şair, filosof, akademik, ictimai xadim olan Bəxtiyar Vahabzadə poeziyasının insanı daim mənəvi ucalığa səslədiyi vurğulanıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.

Sonda şagirdlərin ifasında B.Vahabzadənin şeirləri və şeirlərinə bəstələnmiş mahnıları səsləndirilib

Keçidlər