Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədovun anadan olmasının 45 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

19 sentyabr 2015 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsəd Əhmədovun 45 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə mərkəzdə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.Sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğurunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.

Azərbaycan Hərbi Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Əsəd Əhmədov - Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanı”, Səbail tank taborunun sabiq komandiri Hacı Əzimov isə “Səbail tank taborunun keçdiyi döyüş yolu” mövzularında çıxış ediblər.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov, Azərbaycandakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Səbail Tank Batalyonunun tədqiqatçısı Lalə Hüseynova və digər çıxış edənlər Milli Qəhrəmanın şərəfli döyüş yolu və igidliklərindən söhbət açdılar.

Diqqətə çatdırılıb ki, Əsəd Əhmədov 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Səbail Tank Taborunun tərkibində Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında gedən döyüşlərdə də iştirak edib, xüsusi qəhrəmanlıq göstərib.Ə.Əhmədov 1992-cı il iyulun 31-də Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Prezidentinin 1993-cü il 5 fevral tarixli Fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hazırda paytaxtın Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

İgid döyüşçünün ailə üzvləri adından çıxış edən bacısı Afidə Əhmədova dövlətimizin başçısı İlham Əliyevin şəhid ailələrinə qayğı göstərilməsini həmişə diqqət mərkəzində saxladığını söyləyib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Azərbaycan Hərb Tarixi Muzeyinin, Yasamal Rayon İcra Hakimiyyətinin və Səbail Tank Batalyonunun birgə təşkil etdiyi tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, Ali hərbi məktəblərin, Qarabağ müharibəsi veteranları, Əsəd Əhmədovun döyüş yoldaşları və uşaqlıq dostları, jurnalistlər iştirak ediblər.

Keçidlər