Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas

16 iyul 2015 | 10:00

Yasamal rayonunun 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keşirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar məruzə etmişdir.

Qeyd edilmişdir ki, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında hesabat dövründə qazanılan uğurlardan söhbət getmişdir. Belə ki, bu müddət ərzində iqtisadiyyatın dinamik inkişafında 5,7 faiz artım olmuşdur. Qeyri-neft sektorunun inkişafı xüsusilə diqqəti çəkmişdir. Bu sahədə isə 9,2 faiz artım müşahidə olunmuşdur. Sənaye istehsalı 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artmışdır.

Bildirilmişdir ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması son illərdə bu sahədə ən böyük – 7,3 faiz artım tempinə səbəb olmuşdur. Ölkəmizə 6 ay ərzində 12,7 milyard manat sərmayə qoyulmuşdur. Sosial sahədə nəzərdə tutulan bütün proqramlar icra edilmişdir.

İ.Mehdiyev bildirmişdir ki, respublikamızın qazandığı uğurlarda Yasamal rayonunun da payının olması qürurverici haldır. 2015-ci ilin birinci yarısında rayonun ayrı-ayrı sahələrində nailiyyətlər qazanılmış, qarşıya qoyulan vəzifələr layiqincə icra olunmuşdur: nəqliyyat sektorunda  xidmətlərin  həcmi 1 milyard 149 milyon, sənaye məhsulunun ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 145 faiz artaraq 50 milyon 350 min, rabitə xidmətlərinin həcmi 149 faiz artaraq 280 milyon manat olmuşdur. Bununla yanaşı, əsas kapitala yönəldilən investisiyalar 115 milyon, pərakəndə əmtəə dövriyyəsi 899 milyon, əhaliyə göstərilən  pullu xidmətlər 294 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 130, 169 və 113 faiz artım deməkdir. İqtisadi göstəricilərin təhlilindən görünür ki, rayonun iqtisadiyyatı faiz etibarilə ötən illə müqayisədə xeyli inkişaf etmişdir. Bir işçiyə hesablanmış  orta aylıq əmək haqqı 592,5  manat təşkil etmişdir.

Həmişə olduğu kimi, 2015-ci ilin I yarısında da əsas vəzifələrdən biri yeni iş yerlərinin açılması olmuşdur. Məruzəçi qeyd etmişdir ki, bu sahə daim diqqət mərkəzində saxlanılmışdır. Bu da öz nəticəsini vermişdir. Yarım il ərzində rayonda 1795 yeni iş yeri açılmışdır. Onlardan 279-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 3-ü mövcud və bərpa olunmuş müəssisələrdə, 1513-ü isə fiziki şəxslərdən ibarət olmuşdur.

Hesabat dövründə  rayonda çoxşaxəli, mühüm əhəmiyyətli və genişmiqyaslı tədbirlərin  həyata keçirilməsi də xüsusi qeyd olunmalıdır. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 8 aprel 2015-ci il tarixli  sərəncamına əsasən, tədbirlər planı təsdiq edilmiş və nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirilmişdir.

Həyata keçirilən tədbirlərin böyük bir hissəsi respublikamızda təşkil olunmuş beynəlxalq idman yarışları ilə əlaqədar olmuşdur. İ. Mehdiyev “Bakı-2015” Avropa Oyunlarına hazırlıqla əlaqədar rayonda görülmüş abadlıq işlərini xüsusi vurğulamışdır.

Çünki bu möhtəşəm idman yarışına Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı və çoxsaylı turist gələcəkdi. Ölkəmiz haqqında reallıqların nümayişi üçün əlverişli məqam yarandığını vurğulayan İ.Mehdiyev bununla əlaqədar olaraq abadlıq və yenidənqurma işlərinin həcminin xeyli artdığını diqqətə çatdırmışdır. Bu məqsədlə küçə və prospektlərə asfalt örtüyü vurulmuş, səkilər abadlaşdırılmış, yaşıllıq zolaqları salınmış,  binaların fasadlarına müasir görkəm  verilmiş, yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Ümumilikdə, rayonun bu beynəlxalq əhəmiyyətli tədbirin yalnız marşrut hissəsinə düşən 7 min metrdən çox hissəsində bina və qurğuların fasad hissələrinə üzlüklər vurulmuş, dam örtükləri yenidən qurulmuş, digər hissələrdə isə işıqlandırma sistemi ilə təchiz olunan 4 metr hündürlükdə dekorativ hasarlar quraşdırılmışdır. 150-dən çox fərdi yaşayış evinin dam örtüyü və fasadı təmir edilərək ətraf ərazinin ümumi görünüşünə uyğunlaşdırılmışdır.

Natiq qeyd etmişdir ki, bu möhtəşəm tədbirdə ölkəmizin təkcə idman sahəsində qazandığı uğurları deyil, həm də ümumi və hərtərəfli inkişafı nümayiş etdirilməli idi.  Ona görə də qarşıda ciddi vəzifələr dururdu. Məhz bu baxımdan Yasamal rayonu ərazisində planlı şəkildə təşkil olunan işlər uğurla  icra edilmişdir. Rayon ərazisinin təmizliyi və abadlığı xüsusi diqqət mərkəzində saxlanılmışdır. Yarışların marşrutunun keçdiyi Əbdülvahab Salamzadə küçəsi, Mətbuat prospekti, Mikayıl Müşfiq küçəsi və  dairəvi yolda görülən işlərlə bağlı verilmiş tapşırıqların icrası vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmışdır.

Kənar dairəvi yolda yaşıllıq  zolaqlarının salınması üçün mişar  daşından 450 metrə yaxın istinad divarı hörülmüş,  suvarma üçün 650 metr su xətti çəkilmişdir. Qeyd olunan ərazidə 500 ədəd ağac əkilmiş və 2400 kvadratmetr  qazon salınaraq 2000 ədəd gül kolları əkilmişdir. Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində də görüləcək işlər diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə şənbə günləri iməciliklər keçirilərək rayonun  ayrı-ayrı yerlərində 2500 ağac və bəzək kolları əkilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər daim diqqət mərkəzində saxlanılmalı, xüsusən, yaşıllıqların qorunması və artırılması təmin edilməlidir.

Başçı rayonu təmsil edən könüllülərin xidmətlərini  xüsusi qeyd etmişdir. Bakı Dövlət Universitetinin tələbələrindən 3000 nəfər, ümimilikdə isə rayonun ali və orta ixtisas təhsili müəssisələrindən 6000 nəfər I Avropa Oyunlarında könüllü olaraq iştirak etmişlər.

Vətəndaşların qəbulu, ərizə və şikayətlərinə, müraciətlərinə baxılmasıı rayon icra hakimiyyətində prioritet vəzifələrdəndir. Qeyd olunmuşdur ki, “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tarixli 503 nömrəli fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Yasamal rayonunda bir sıra tədbirlər görülmüşdür. Dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılması məqsədilə aparatın əməkdaşları tələb olunan kompüter avadanlıqları ilə təmin edilmiş və qoşulma-quraşdırma işləri icra olunmuşdur.

Bu müddət ərzində təhsil, səhiyyə və mədəni sahələrdə də əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

İ.Mehdiyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əhalinin sosial problemlərinin  həlli istiqamətində verilmiş tapşırıqların layiqincə yerinə yetirilməsi istiqamətində bütün imkanlardan istifadə olunacaq.

Gənclər və İdman idarəsinin rəisi İslam Səfərov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Gülnarə Səfərova, Milli Məclisin deputatı Ülvi Quliyev və YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov öz çıxışlarında 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekununu qənaətbəxş hesab etmişlər.

Keçidlər