Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Milli Mətbuat Günü qeyd olunub

21 iyul 2015 | 10:00

Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində milli mətbuatın yaranmasının 140 illiyinə həsr olunan tədbir keçirilib.

Görüşdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin mərkəzin muzey bölməsindəki büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova milli mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə jurnalistləri təbrik edib, ölkədə mətbuatın inkişafından, mətbuat işçiləri üçün yaradılan şəraitdən danışıb. “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı istiqamətində görülən işlərdən söz açan T.Muradova milli mətbuatımızın intibah dövrünün Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlandığını xüsusi vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycanda güclü media formalaşıb. Azərbaycan jurnalistləri Bakıda keçirilən birinci Avropa Oyunları zamanı da əsl peşəkarlıq nümayiş etdirərək dövlətimizi layiqincə dəstəkləyiblər. Ölkəmizdə azad mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb. Milli mətbuatımizin 140 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın da mətbuatın inkışafında mühüm rol oynadığı vurğulanıb.

Tədbirdə Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin “Milli mətbuatın 140 illiyi: uğurlar və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Həsən bəy Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçdiyi qeyd olunub. Ölkəmizdə mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanların yaradıldığı bildirilib.

Digər çıxış edənlər də mətbuata dövlət qayğısından söz açıb, ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, jurnalistləri təbrik ediblər.

Sonda jurnalistlərə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub və xatirə tortu kəsilib.

Keçidlər