Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli Konservatoriyasının yaxınlığında salınan yeni parkda yaradılan şəraitlə tanış olub

04 iyun 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda Azərbaycan Milli Konservatoriyasının inzibati-tədris kompleksinin yaxınlığında salınan yeni parkda yaradılan şəraitlə tanış olublar.

Parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub, müasir fəvvarə quraşdırılıb. Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin yaxınlığında yerləşən bu müasir istirahət məkanının özəlliyini artıran məqamlardan biri də odur ki, burada klassik musiqilər səsləndiriləcək. Bu da parka gələnlər üçün əlavə mənəvi istirahət imkanı yaradacaq. Bir sözlə, yeni parkda sakinlərin istirahətini mənalı təşkil etmək üçün bütün zəruri işlər görülüb.

Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün reallaşdırılan layihələrin bir hissəsidir. Bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir.

Müasir üslubda, orijinal dizaynda yaradılan bu park ilə Bakının gəzməli yerlərinə daha bir ünvan əlavə edilib. Beləliklə, “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində açılan bu park ölkəmizə gələn qonaqlara paytaxtımızın daha bir istirahət mərkəzinin gözəlliyini nümayiş etdirəcək.

http://www.president.az/

Keçidlər