Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda keçirilən “Gül Bayramı”nı sakinlər maraqla qarşıladılar

06 may 2015 | 10:00

Yasamal rayonunda Akim Abbasov küçəsində yeni salınmış istirahət parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Gül bayramı” keçirildi. “Gül bayramı”nda rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, o cümlədən rayonun ali, orta-ixtisas, orta ümumtəhsil və məktəbəqədər müəssisələrinin kollektivləri, qeyri-hökumət təşkilatı və ictimai cəmiyyətlər tətbiqi sənət nümunələri ilə bərabər təbii güllərdən hazırlanmış kompozisiya və əl işlərinin təqdimatını keçirdilər.

Bayram tədbirində Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri təqdimatlarla tanış oldular. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin maraqlı məqamlarını əks etdirən kompozisiyalar da xüsusilə iştirakçıların diqqətini cəlb edirdi. Rayonda keçirilən builki “Gül bayramı” kompozisiya və əl işlərinin rəngarəngliyi, ilin ən aktual mövzularını özündə əks etdirmək baxımından çox zəngin idi. Təqdimatlarda Bakı 2015 Avropa Oyunları, TANAP layihəsinin icrasına başlanılması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2015-ci ilin kənd təsərrüfatı ili elan olunması, həmçinin, günün digər aktual məsələlərini özündə əks etdirən mövzulara müraciət edilmişdi. Tamaşaçılarda daha çox maraq doğuran təqdimatlardan “Ebru sənəti” və ipək üzərində naxışların canlı olaraq nümayiş etdirilməsini qeyd etmək olar.

Ekspozisiyalar arasında “Heydər Əliyev Mərkəzi”nin maketi, I Avropa Oyunlarının “Bakı-2015” Loqosu, “Bakı Olimpiya stadionu”, “TANAP” layihəsi, “Bakı Alov Qüllələri” xüsusi bir zövqlə hazırlanmışdı.

“Gül Bayramı”nda Yasamal rayonunun ümumtəhsil müəssisələrinin respublika üzrə keçirilən yarışlarında qalib gələn şagirdləri ilə yanaşı Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Yasamal rayonu üzrə nümayəndəliyinin fiziki qüsuru olan uşaqları da özünəməxsus əl işləri ilə iştirak edirdilər.

İ.Əbilov və A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzlərinin musiqili-əyləncəli proqramları “Gül bayramı”na sözün əsl mənasında bayram ovqatı qataraq rövnəq verirdi. Qeyd edilməlidir ki, builki “Gül bayram” açılış mərasimində 2014-cü il dekabrın 25-də Azərbaqycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi yeni salınmış Yasamal parkında keçirilən ilk kütləvi tədbirdir.

Keçidlər