Şriftin ölçüsü :

Saytın rəngi :

«Bakı - 2015 I Avropa oyunları - 100 gün» və 05 mart «Bədən tərbiyəsi və idman günü»nə həsr olunmuş rayon toplantısı

04 mart 2015 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin akt zalında «Bakı - 2015 I Avropa oyunları - 100 gün» və 5 mart «Bədən tərbiyəsi və idman günü»nə həsr olunmuş rayon toplantısı keçirilmişdir. Toplantıdan öncə akt zalının foyesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin Bakı - 2015 I Avropa oyunlarına həsr olunmuş rəsm işlərindən ibarət sərgi nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq toplantı iştirakçılarını salamlamış və bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 mart 2005 - ci il tarixli sərəncamı ilə 5 mart tarixi «Bədən tərbiyəsi və idman günü» elan edilmiş, habelə «Əməkdar bədən tərbiyəsi və idman xadimi» adı təsis edilmişdir. Bu da ölkə rəhbərliyinin idmana və idmançılara olan tükənməz qayğısının bariz nümunəsidir. İlham Səfərov ötən dövr ərzində idarə tərəfindən yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində atılmış addımlardan söz açmışdır. İlham Səfərov çıxışında xüsusilə qeyd etmişdir ki, bu yarışlarda kütləviliyə nail olunması idarənin qarşısında duran başlıca vəzifələrdəndir.

Toplantıda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev «Bakı I Avropa oyunlarına ev sahibliyi ərəfəsində rayonda aparılan quruculuq və abadlıq işləri» mövzusunda çıxış edərək son zamanlar Yasamal rayonunda çoxsaylı idman meydançaları və sadə idman qurğularının yaradıldığını və mövcud idman qurğularının bərpa edildiyini qeyd etmişdir. İbrahim Mehdiyev Azərbaycan tarixinin idman səhifəsinin öz çiçəklənmə dövrünü müstəqilliyimizi əldə edəndən, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra yaşamağa başladığını bildirdi. Müstəqilliyimizin ilk illərində perspektivli idmançıların, bacarıqlı idman mütəxəssislərinin, məşqçilərin ölkəni tərk etməyə başladıqları toplantı iştirakçılarının nəzərinə çatdırıldı. Bildirildi ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət dəyişdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaranması haqqında Fərman imzalandı. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçılməsindən sonra ölkəmizdə idmana və idmançılara diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi. İ.Mehdiyev idman sahəsində gerçəkləşdirilən idman siyasəti, Olimpiya ideyalarının təbliği, 40-dan artıq istifadəyə verilmiş müasir Olimpiya Kompleksləri və digər tədbirlər nəticəsində ölkəmizin mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrildiyini qeyd etdi. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verdiyini bildirdi. İ.Mehdiyev çıxışında tarixdə ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbulunun ölkəmizin dünyada artan nüfuzunun göstəricisi olduğunu bəyan etdi. Dövlətimizin öz tarixində ilk dəfə olaraq I Avropa Oyunlarını keçirməklə Azərbaycanın müasir tarixinin çox şərəfli bir səhifəsini yazacağını vurğuladı.

Rayon toplantısında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Karate – do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev «İdmançılarımız növbəti tarixi sınaq qarşısında» mövzusunda, Milli Olimpiya Komitəsinin vitse - prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev «İdmançılarımızın I Avropa oyunlarına hazırlığı və qələbə əzmi» mövzusunda, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov «Bakı I Avropa oyunlarına hazırdır» mövzusunda, XXIX Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədli «İdmançılarımıza mənəvi dəstək qələbəyə aparan yoldur» mövzusunda çıxışlar etmişlər. Natiqlər öz çıxışlarında idman ictimaiyyəti nümayəndələrini «Bədən tərbiyəsi və idman günü» münasibəti ilə təbrik etmiş, idmançılarımıza qarşıdan gələn I Avropa oyunlarında uğurlar arzulamışlar.

Toplantıda Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Əməkdar İdman Ustası, kikboksinq idman növü üzrə 20 qat Dünya çempionu Məmmədov Eduard Tofiq oğlu 5 mart «Bədən tərbiyəsi və idman günü» münasibəti ilə və yeniyetmə və gənclər arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə görə, habelə Yasamal rayonu 53 №li tam orta məktəbin şagirdi Rəhmanova Sona Vaqif qızı 5 mart «Bədən tərbiyəsi və idman günü» münasibəti ilə və idmanda əldə etdiyi yüksək nailiyyətlərə görə Yasamal rayon İcra Hakimiyyətinin təsis etdiyi fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bundan əlavə, bir qrup rayon idman ictimaiyyəti nümayəndəsi Yasamal rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərman və xatirə hədiyyələri ilə təltif edilmişlər.

Toplantıda «Bakı - 2015 I Avropa oyunları»na həsr olunmuş film nümayiş etdirilmişdir.

Toplantıda rayon ərazisində fəaliyyət göstərən idman kollektivlərinin nümayəndələri, veteran idmançılar, Uşaq - Gənclər İdman Məktəblərinin bir qrup idmançıları, idman ictimaiyyəti nümayəndələri, idarə, müəssisə və təşkilatların bir qrup gəncləri və digərləri iştirak etmişlər.

Keçidlər