Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi

24 fevral 2015 | 11:00

2 nömrəli Bakı Baza Kollecində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə açan 2 nömrəli Bakı Baza Kollecinin direktoru Dilarə Məmmədəliyeva Azərbaycan xalqının taleyinə qanla yazılan bu acı günü xalqımızın heç zaman unutmayacağını, şəhidlərimizin adlarının daim şərəflə anılacağını bildirmişdir.

Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev XX əsrdə erməni xəyanəti nəticəsində xalqımızın çəkdiyi məşəqqətlərdən söhbət açmış, hər bir Azərbaycan gəncinə öz xalqının faciəli tarixindən ibrət dərsi götürməyi, qaniçən, yırtıcı erməni xislətini heç vaxt unutmamağı tövsiyə etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin işğal altında olan torpaqlarımızın azad edilməsi üçün beynəlxalq aləmdə gördüyü işlərdən danışmışdır.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri professor Fikrət İsmayılov öz çıxışında ulu öndər Heydər Əliyevin Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması, ona əsl qiymət verilməsi yolunda gördüyü irimiqyaslı işlərdən danışmış, bu işdə xaricdə yaşayan azərbaycanlıların fəaliyyətini xüsusi qeyd etmişdir.

Xocalı İcra Hakimiyyətinin nümayəndəsi Habil Rzaquliyevin çıxışı mərasim iştirakçılarını çox təsirləndirmişdir. O qarlı, buzlu müdhiş gecədə 5 yaşlı Habilin valideynləri ilə birlikdə qaranlıq meşədə çəkdiyi acı sarsıntılar salona toplaşanları göz yaşlarına qərq etmişdir. Mərasimin sonunda Xocalıya həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Respublikanın xalq artisti Gülyanaq Məmmədovanın ifasında Xocalı şəhidlərinə həsr olunmuş yaralı nəğmə-elegiya qulaqlarda: “Xocalı soyqırımını unutma!” nidasını ucaltmışdır.

Keçidlər