Molla Vəli Vidadi (1709-cu il, Şəmkir, ‒ 1809-cu il, İkinci Şıxlı) — XVIII əsr azərbaycan şairiMolla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Hәmzә sultanın nәslindәndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazağa köçmüşdür. O,  ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir. O, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şair Poyludan vətəninə qayıtmayıb Şıxlı kəndinə gəlmiş, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Mola Vəli adı ilə tanınmışdır. Qıraq Salahlıda yaşayan Molla Cəbrayıl adlı bir nəfərin qızı ilə evlənərək, Şıxlı kəndində məskən salmışdır.Şairin əsərlərindən aydın olur ki, o, bütün həyatını Şıxlıda keçirməmişdir. Müəyyən müddət Qarabağ xanlığında yaşamış, Tiflisdə İraklinin sarayında xidmət etmiş, lakin bizə məlum olmayan səbəbə görə həbs edilmiş və həbsdən qurtardıqdan sonra Şıxlıya qayıdıb ömrünün sonuna qədər orada yaşamışdır.M.V.Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir.Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür Şairin "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qəra eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir.Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadi realist təsvirə meyl edən şairlərdən olmuşdur. Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunmuşdur. Molla Vəli Vidadi 13 may 1809-cu ildə Qazaxda, Şıxlı kəndində vəfat etmiş və Gəmiqaya adlı yerdə dəfn olunmuşdur.