Abdulla Şaiq 1900-cü ildə Tiflisdən Bakıya köçərək ilk illər anası Mehri xanım və böyük qardaşı Yusif Ziya Talıbzadə ilə İçəri şəhərdə kiçik bir mənzildə yaşamışdır. Bundan sonra, o, öz yaşayış yerini bir neçə dəfə dəyişmiş, şəhərin müxtəlif yerlərində mənzil kirayə etmişdir. 1916-cı ildə bu gün "Abdulla Şaiqin mənzil muzeyi" adını daşıyan, Yuxarı Dağlıq küçəsində (indiki A.Şaiq adlı küçədə) 21 saylı evin II mərtəbəsində beş otaqdan ibarət mənzilə köçmüş, orada 1957-ci ilin son gününə qədər yaşamışdır. A.Şaiqin qələm və sənət dostlarından N.Vəzirov, S.S.Axundov, H.Cavid, Bülbül, Y.V.Çəmənzəminli, S.Hüseyn, Ə.Cavad, Ə.Abid, A.Musaxanlı, T.Ş.Simurğ, M.M.Seyidzadə, M.Rzaquluzadə, H.Mehdi, Q.Xaliqov, H.Əlizadə və xüsusən, Səməd Vurğun bu mənzilin əziz qonaqlarından idi. Mehriban yazıçı elmi və yaradıcılıq məsləhətləri almağa gələn aspirantlar, tələbələr, hətta məktəb şagirdləri ilə bu mənzildə dəfələrlə görüşmüş, öz yeni əsərlərini onlara oxumuş, maraqlı söhbətlər edib məsləhətlər vermişdir.