Şəfaət Mehdiyev — Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor. eft və qazın geologiyası və geokimyası sahəsində böyük alim və neftçi-geoloqların Azərbaycan məktəbinin əsasını qoyanlardan biri olmuşdur. Ş.Mehdiyevin, demək olar ki, yarım əsrdən çox neft və qaz sahəsində apardığı çoxşaxəli elmi- tədqiqat işləri bu elmin nəzəri və təcrübi problemlərinin ən aktual sahələrini əhatə edir. Onun rəhbərliyi altında yüksək dərinliklərdə yatan çöküntü qatlarının neft-qazlılığının elmi əsaslandırılması və proqnozlaşdırılması üzrə apardığı tədqiqat işləri böyük elmi və praktiki əhəmiyyətə malikdir. Akademik Şəfaət Fərhad oğlu Mehdiyevin xidmətlərini nəzərə alaraq ümummilli liderimiz HEYDƏR ƏLİYEVİN fərmanı ilə Bakı şəhərinin Yasamal rayonundakı küçələrindən birinə onun adı verilmiş, yaşadığı evin fasadına xatirə lövhəsi vurulmuş, Bakı Dövlət Universitetinin və Azərbaycan Neft Akademiyasının geoloji fakültələrində oxuyan tələbələrə "Akademik Ş.Mehdiyev adına təqaüd" ayrılmışdır.Mənalı bir ömür yaşamış qüdrətli alim və gözəl insan Ş.Mehdiyevin əziz xatirəsi onu tanıyanların qəlbində uzun illər yaşayacaq.