Mehdi Əsədulla oğlu Məmmədov — Azərbaycanın görkəmli teatr rejisoru, aktyoru və pedaqoqu. SSRİ Xalq Artisti 1974, Sənətşünaslıq doktoru (1968), professor (1960).Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada doğulsa da, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935), həmin il Moskvada ali rejissor təhsili almağa getmişdi.Mehdi Əsədulla oğlu Məmmədov 1985-ci il yanvar ayının 8-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlmiş, burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlamışdı.Mehdi Məmmədov səhnə sənətinə aktyorluqla başlayıb. Teatr məktəbində Karl Moor ("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Seyid Hüseynin "Kölgə" dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə İbrahimovun "Madrid", Məmmədhüseyn Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik teatrda isə "Alov"da Kamalov, "Canlı meyit"də Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterov rollarında çıxış edib."Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya roluna çəkilmişdir. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib.Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960-1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor kürsüsünü tutub. Sıravi quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar vermişdi.