Fuad Əhməd oğlu İbrahimbəyov 1901–ci il dekabrın 29–da Şamaxıda dünyaya gəlmişdir. Hələ uşaqlıq illərində özünün dərin zəkası, hadisələri təhlil etmək, ümumiləşdirə bilmək qabiliyyəti ilə fərqlənmişdir. O, əmək fəaliyyətinə çox erkən, 15 yaşından başlamışdır. Xalqını sevən bu gənc az sonra pedaqoji işə keçmiş və əsl maarifpərvər kimi fəaliyyət göstərmişdir.Elmə olan böyük həvəs onu bir yerdə dayanıb durmağa qoymamışdır. Məktəbdə işləyə - işləyə İbrahimbəyov Azərbaycan Dövlət Universitetində öz təhsilini davam etdirmiş və 1925 – ci ildə tibb fakültəsini bitirmişdir.Tibb elminin müxtəlif sahələri ilə yanaşı psixologiya elmi də ilk gündən onun diqqətini özünə cəlb etmişdir. Ona görə də 1926 – cı ildən başlayaraq əvvəlcə tibb fakültəsinin nevrologiya kafedrasında çalışmaqla, sonra isə psixiatriya kafedrasında assisent vəzifəsində, eləcə də müalicə - profilaktika müəssisələrində işləməklə yanaşı Azərbaycan Pedaqoji İnstitutunda psixologiya kursunu oxumağa başlamışdır. Ali məktəbdə işlədiyi ilk günlərdən başlayaraq Fuad müəllim özünün elmə və onun tədrisinə ciddi münasibət bəsləməsini büruzə vermişdir. Psixologiya elmini dərindən öyrənmək və onu yüksək elmi – metodiki səviyyədə tədris etmək məqsədilə o, 1926 – cı ildə respublikada ilk eksperimental psixoloji laboratoriyanı yaratmış və burada özünün dərin elmi axtarışlarına başlamışdır. Beləliklə də gənc müəllim ali məktəbdə elmi – pedaqoji fəaliyyətə başladığı ilk gündən normal və patoloji psixologiyanı birgə öyrənmişdir ki, bu da onun tədqiqatlarının məhsuldarlığına təsir göstərmişdir. Gərgin əmək, inadkar axtarışlar da öz bəhrəsini vermiş və ona görə də artıq 1931 – ci ildə Fuad müəllimə VII Beynəlxalq psixotexnika konfransının tribunasından çıxış etmək nəsib olmuşdur.Sonrakı illərdə Fuad müəllim yorulmadan ciddi elmi – tədqiqat işləri aparmış, pedaqoji kadrlar hazırlanmasında iştirak etmişdir. Onun gərgin əməyi bəhrəsiz qalmamışdır. 1933 – cü ildə ona psixologiya üzrə pedaqoji elmlər namizədi elmi dərəcəsi və psixologiya kafdrası üzrə dosent elmi adı, 1939 – cu ildə isə tibb elmləri namizədi elmi dərəcəsi və psixiatriya kafedrasının dosenti elmi adı verilmişdir.Ali məktəbdəki elmi – pedaqoji fəaliyyəti ilə yanaşı Fuad İbrahimbəyov insanların sağlamlığını qorumaq işini də davam etdirmişdir. Böyük Vətən müharibəsi illərində o, psixiatrik ekspert komissiyasının sədri və Azərbaycan Səhiyyə Nazirliyinin baş psixiatoru vəzifəsində çalışmışdır. Ömrünün axırlarına qədər Bakının psixiatriya müəssisələrində məsləhətçi olmuşdur. 60 illik elmi axtarış dövründə F.Ə. İbrahimbəyov psixologiya psixologiya elminə 80 – dən artıq orijinal əsər bəxş etmişdir ki, bunların 50 – dən çoxu azərbaycan, rus, fransız və ingilis dillərində çap olunmuşdur. Hər bir elmin yayılmasında, tələbələrin və geniş oxucu kütləsinin malı olmasında dərslik və dərs vəsaitlərinin əvəzolunmaz rolu vardır. Bu cəhəti nəzərə alan F. Ə. İbrahimbəyov respublikamızın ali məktəblərinin tələbələri üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasının da qayğısına qalmışdır.O, hələ 1935 – ci ildə K. N. Kornilovun “Psixologiya” dərsliyinin Azərbaycan dilinə tərcüməsinin, sonra psixopatalogiya üzrə dərs vəsaitinin elmi redaktoru olmuşdur. 1964 – cü ildə ümumi psixologiya üzrə nəşr olunmuş və hal – hazıraqədərrespublikamızın pedaqoji institutlarında istifadə olunan dərsliyin ən çətin,mürəkkəb fəsilləri olan “Psixikanın inkişafı” və “Temperament” fəsilləri onun tərəfindən yazılmışdır.