Əlövsət Quliyev (Əlövsət Gülüş oğlu Quliyev) —AMEA-nın müxbir üzvü (2017), aqrar elmlər üzrə elmlər doktoru, professor, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.[1] Azərbaycanın suvarılan torpaqlarında təkrar şorlaşma və onlara qarşı mübarizə yolları, şoran torpaqların yuyulması, irriqasiya eroziyası, meliorativ hidrogeologiya, torpaqların ekomeliorativ qiymətləndirilməsi sahəsində eksperimental tədqiqatlar apararaq torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına nail olmuşdur. O, Naxçıvan Muxtar Respublikasının mürəkkəb geoloji quruluşa malik Duzdağ və Böyük düz torpaqlarında təkrar şorlaşmaya məruz qalmış torpaqların qısa müddətdə zərərli duzlardan azad edilməsi və yenidən əkin dövriyyəsinə qatılması yollarını ilk dəfə olaraq təcrübi yolla sübut etmiş, torpaqlarda su-duz balansı elementlərinin təyin edərək, təkrar şorlaşmanı doğuran səbəbləri və onların qarşısının alınması yollarını işləmişdir.[2] Muxtar Respublikada torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi və mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi işlərini yerinə yetirmişdir.[2]İlk dəfə olaraq Azərbaycanda qədim su mənbələri-kəhriz sistemləri, onların konstruktiv elementləri, iş prinsipi, plana alınması, sərflərinin ölçülməsi, morfometrik ölçülərinin təyini və coğrafi yayılması işlərini elmi prinsipdə tədqiq etmişdir. Eyni zamanda quyu və kəhrizlər sistemləri üzərində olan qədim memarlıq abidələrin (qırxpilələrin) qeydiyyata alınması və bərpasının həlli yollarını elmi əsaslarla işləmişdir.[2]Böyük İpək Yolu üzrə vaxtı ilə istifadə edilmiş qədim su sistemləri, kəhriz, ovdan, quyu və karvansaraylar sahəsində maraqlı tədqiqatlar aparmış, 2014-cü ilin noyabr ayında UNESCO-nun İranın Yəzd şəhərində keçirdiyi 6-cı dövlətlərarası idarə heyətinin konqresində diqqətin bu sahəyə istiqamətləndirilməsinə dair məruzə etmişdir.[2]