Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi (1932). Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq" (1899) Peterburqda nəşr edilmişdir. Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir.