Yunis Dağlı- Yunis “Dağlı” təxəllüsü ilə şeirləri yazan şairin şerləri indi də Xızıda və Bakıətrafı kəndlərdə dillər əzbəridir. 1937-ci ilin tuthatutunda NKVD-çilərdən yayınaraq gedib Astarada hesabdar işləyirdi. Onu oradan necə götürdülərsə, nə öldüsü, nə qaldısı barədə ailəsi, yaxınları uzun müddət məlumatsız qaldılar. Yalnız on bir ildən sonra 1949-cu ildə şaxtalı Sibir meşələrindən sürgündən qayıdanda bildilər ki, şair sağ imiş. Yunis Dağlı atasından əmisi oğlu Müşfiqin vətənpərvər şairimiz Əhməd Cavadla dostluğundan, görüşlərindən, Əhməd Cavadın Xızı kəndinə - əmisigilə gəlişindən maraqla söhbətlər açardı. Yunis Dağlı hətta övladlarından birinin - yazımızın qəhrəmanının adını Əhməd Cavadın şərəfinə Cavad qoymuşdu. Oğluna ad seçəndə Yunis Dağlı deyib ki, şairliyini Allah bilər, amma oğlumun adını Müşfiqlə Cavad əfəndinin dostluğu şərəfinə Cavad qoyuram, qoy böyüyəndə Əhməd Cavad kimi xalqını və vətənini sevən, ləyaqətli sədaqətli insan olsun!