Şeyx Məhəmməd Xiyabani Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi. Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir. 1907-1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparmışdır. İctimaiyyun-amiyyun sosial-demokrat partiyası onun elmi və ictimai cəhətdən yüksək dərəcəyə malik olmasını dərk edərək, Azərbaycan əyalət əncüməninə üzv seçmişdir. Xiyabani Azərbaycan tarixində ən ağır və böhranlı zamanda inqilabi hərəkata qoşulmuş, həm daxili irticaçı qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya və Osmanlı dövlətləri əleyhinə fəal mübarizə aparmışdır. O, Güney Azərbaycan və İran tarixində ilk dəfə Demokrat Firqəsini və demokratik rejimi yaratmışdır. Hətta, xarici tarixçilərin fikrincə, onun başçılıq etdiyi demokrat rejimi dövründə, qısa olsa da, Təbriz əhalisi bu kimi rifah və əmin-amanlıq görmüşdür.