Rəhimov Süleyman Hüseyn oğlu — azərbaycanlı yazıçı, nasir, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).Süleyman Rəhimov 1900-cü ilin 22 martında Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək ADU-nun tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir.Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir. Onun ən tanınmış əsərlərindən biri də "Qara torpaq və sarı qızıl"dır. İndi bu əsər 5-ci sinif ədəbiyyatlarda istifadə olunur.Süleyman Rəhimov 1939-1940, 1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin ordeni (1946, 1970, 1975), "Qırmızı Əmək Bayrağı" (1959), "Şərəf nişanı" (1942) ordenləri və medallarla təltif edilmişdir, 1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarını almışdır.1983-cü il oktyabrın 11-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.