Salatın Əsgərova Salatın Əsgərova ( 16 dekabr 1961 –  9 yanvar 1991) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi.O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.Ailəsi, iş yoldaşları ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər.Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” idi.O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara aldı.O, evdən hərbi forma geyinib çıxmışdır. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu.Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər.O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleq Larionovla söhbət etdi.1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutuldu. Ermənilər hərbi maşını iki istiqamətdən – həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar.Hərbi maşının sürücüsü — serjant İ.Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəymişdi.Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.