Möhsün Nəcməddin oğlu İsrafilbəyov (Qədirli) (1892-1941) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934).Möhsün İsrafilbəyov 1892-ci ildə Şamaxı şəhəriində anadan olmuşdu. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911-17) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917 ildə Bakıya gəlmiş, bolşevik “Hümmət” təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir.1918 ildə Lənkəran, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918 ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919 ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2 Ümumrusiya, 5 və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir. Moskvada V.S.Leninlə görüşmüş, ona Azərbaycandakı vəziyyət haqqında məlumat vermişdir. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Xalq Hərbi Dəniz İşləri Kommisarlığı siyasi idarəsinin rəisi (1920-21), Xalq Səhiyyə Komissarı (1922-34) vəzifələrində işləmişdir. 1935-37 illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında malyariya və digər tropik xəstəliklərə qarşı mübarizə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Dəfələrlə partiya və Sovet qurultaylarının nümayəndəsi olmuş, AK(b)P MK-nm Azərbaycan və Zaqafqaziya MİK-lərinin üzvü seçilmişdir. Azərbaycanda malyariya, traxoma və s. xəstəliklərin ləğv edilməsində böyük xidməti olmuşdur. İki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. 1941-ci idə repressia qurbanı olmuş və xalq düşməni adıyla güllələnmişdir.