Murtuza Muxtarov (1857 – 1920) — iri Bakı neft sahibkarı, mesenat. Murtuza Muxtarov Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi, dağlılar arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin fəxri üzvü kimi də fəaliyyət göstərirdi. O həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü və ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi idi.Qərbi Avropa mədəniyyətinin pərəstişkarı idi, cəmiyyətdə xürafata qarşı mübarizə aparırdı, bu məqsədlə Bakıda "Tərəqqi" qəzeti nəşr etdirirdi, məktəblər tikdirirdi. Xeyirxah və mehriban bir insan, ciddi sahibkar kimi tanınırdı.Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur.Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə Bakıdan Tiflisə kirayə yük daşıyırmış. 1874-cü ildə arabasını satan Murtuza Balaxanı Zabrat kəndləri ətrafında salınan mədənlərin birində fəhləliyə başlayır. Martov adlı bir sahibkar M.Muxtarovdakı iradəni görüb ona mexaniki alət və cihazların sirrini öyrədir, qısa bir zamanda onu usta təyin edir. Bir müddətdən sonra mədən emalatxanasını da ona satır. Murtuza Muxtarov yarım mexanikiləşdirilmiş"Molt" dəzgahında bir neçə dəyişiliklər edir. Sahibkar qocaldığından Zabratdakı qazma avadanlığı, emalatxanasını da satır. O zaman bütün Əmircan əhalisi pul yığaraq ona kömək edirlər. Murtuza gecə gündüz çalışır, xilasetmə ustası kimi ad çıxarır. Mühəndislərə maaş verib öz savadını və texniki biliyini əsrin tələbinə uyğun artırır. Çertyoj çəkib sex qurmağı öyrənir. Sənədləri imzalayanda nadir hallarda familyasını bütöv yazardı, adətən qısaca olaraq üç hərfdən ibarət "Mux" imzasını atardı.