Hüseynov Məmməd Abbas oğlu (təxəllüsü: Məmməd Rahim) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1957), Azərbaycanın Əməkdar incəsənət xadimi (1940), Ermənistanın Əməkdar mədəniyyət xadimi (1970), Dövlət mükafatı laureatı (1949).Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir (1928-1931). Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır (1931-1935). 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə isə ilk şeir kitabı – "Arzular" çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi(1938-1940) müdafiə bölməsinin rəhbəri (1941-1946), həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950; 1951-1952). Türkiyəyə və Aralıq dənizinə səfərə çıxmışdır. Xəstələndiyi vaxtadək yalnız yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. "Xaqani" (1955) mənzum dramını, "Sayat Nova" (1956), "Natəvan" (1962) poemalarını yazmışdır. Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov, H.Tumanyan və b. tərcümələr etmişdir. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilmişdir. İki dəfə Lenin ordeninə (1945-1967), "Oktyabr inqilabı" (1977), "Qırmızı Əmək bayrağı" (1965) ordenlərinə və medallara layiq görülmüşdür. 1977-ci il mayın 6-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.