Albert Eynşteyn, Nils Bor kimi nəhəng fiziklərlə eyni sırada adı çəkilən akademik, Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər Akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının, Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fiziki Lev Davidoviç Landau. Xanımı Koranın və dostlarının “Dau” deyə çağırdıqları bu insanı hər kəs sevir, gözlənilməz hərəkətlərinə göz yumur və bunlara dahinin şıltaqlığı kimi baxırdılar. Avropanın əsas elmi mərkəzlərində olarkən Lev Landau sərbəst elektronların maqnit xassələrinə dair vacib tədqiqatlar aparır və 1930-cu ildə diamaqnetizm haqqında elmi əsərlər çap etdirir. Sonralar bu təzahür “Landau diamaqnetizmi” adlandırılır və onu görkəmli dünya alimləri ilə bir sıraya qaldırır. Lev Landaunun yaratdığı fundamental nəzəriyyələrdən biri də maddənin faza dəyişkənliyidir. 1936-1937-ci illərdə alim “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradır, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edir.