Kazım Kazımzadə (1913—1992) — Azərbaycan rəssamı, Azərbaycan SSR-in xalq rəssamı (1965) və əməkdar incəsənət xadimi (1943). Stalin mükafatı (1950), SSRİ Dövlət mükafatı (1950) və Qırmızı Əmək Bayrağı ordeni laureatı. 1913-cü il avqusun 10-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin "İsgəndərnamə" ("İqbalnamə"), "Sirlər xəzinəsi" (1940), "Leyli və Məcnun" (1947), "Xosrov və Şirin" (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş "Fitnə", "Sehrli üzük", "İsgəndər və çoban" kitablarına illüstrasiyalar çəkmişdir. "Cəbhə yollarında" (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir.1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur. Bakı şəhərində Səməd Vurğun və Uzeyir Hacıbəyovun ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını məhz o vermişdir.1952-ci ildən "Kirpi" jurnalı ilə əməkdaşlığa başlamış, həmçinin tarixi-inqilabi və məişət mövzularında rəsm silsilələri ("Bakıda inqilabi-tarixi hadisələr", "Tibb işçiləri") və tablolar ("416-cı diviziya döyüşdə", "Azad Kubada", "İraq lövhələri" və s.) yaratmışdır. Kinofilmlərə, dram və opera tamaşalarına, o cümlədən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu" operalarına geyim eskizlərinin, süjetli xalıların müəlliflərindəndir.