Hüseynov Heydər Nəcəf oğlu (3 aprel 1908 - 15 avqust 1950) — görkəmli Azərbaycan-sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru (1944), professor (1944), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945). SSRİ dövlət mükafatılaureatı (1948, 1950).[1] Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda (indi - Yerevan) tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olmuşdur. Ailədəki altı uşağın kiçiyi olmuşdur. Heydər anadan olandan az sonra atası vəfat edir. Böyük qardaçı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər.[2] Böyük qardaşı və anasının himayəsi altında böyümüşdür.Heydər Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi olmuşdur. O, 1927-1931 illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir.[3]Əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmişdir.1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir.[2] 1931—1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olmuşdur. 1936—1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitunun direktoru olmuşdur.
1939—1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945—1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Akademiyanın eyni zamanda ictimai elmlər bölməsinin sədri olmuşdur. 1943—1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm - leninizmin əsasları, sonra fəlsəfə kafedrasının müdiridir. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitunun direktoru olur.