Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral 1864 —17 mart 1940) —            Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri vardır. 1864-cü il 24 fevralda Salyanda anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin(1812-1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu.