Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart, 1861 – 20 aprel, 1944) — xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır.