Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun tibb müəssisələri Ulu Öndərin 100 illiyini qeyd edir

08 may 2023 | 12:56

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Ulu Öncər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar beynəlxalq elmi-praktiki konfrans keçirilib.Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov açdı. O, çıxışında Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salaraq bildirdi ki, Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli liderin rolu əvəzolunmazdır.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov çıxış edərək Ulu Öndərin tibb kadrlarının hazırlanmasında, tibb təhsilinin inkişaf etdirilməsində, bilavasitə Həkimləri Təkmilləşdirmə İnstitunun inkişafındakı əvəzolunmaz rolunu qeyd etdi.

Yasamal Rayon İcra başçısı Elşad Həsənov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın inkişaf və tərəqqəsində əvəzolunmaz rolu haqqında çıxış edib, konfrans iştirakçılarını salamladı. İcra başçısı vurğuladı ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün  idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.Sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük işlər görmüşdü: yeni sənayələşmə siyasəti, gənclər üçün kütləvi təhsil imkanlarının yaradılması, aqrar islahatlar və sairə. Bütün bunlar o zaman Azərbaycanı yeni inkişaf səviyyəsinə çıxardı.  O zaman Sovet respublikaları arasında Azərbaycan inkişaf səviyyəsinə görə son yerlərdən ön sıralara çıxmaga başladı.

Ulu Öndərin rəhbərliyinin ikinci dövründə isə tarixi hadisələr baş verdi. 90-cı illərin əvvəlini xatırlayanda, Azərbaycanın hansı fəlakətlə üzləşdiyini bir daha anlayırıq: bir tərəfdən erməni işğalçıları, digər tərəfdən daxili böhran Azərbaycan dövlətinin mövcudluğunu sual altına qoymuşdu.1993-cü ildə Ümummilli lider Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürdü.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlham Məmmədov çıxış edərək Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatların aparılmasda, səhiyyənin qanunvericilik bazasının təkmilləşdirilməsində böyük əməyi olduğunu qeyd etdi.

Rəsmi açılış hissəsinin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

Keçidlər