Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Son zəng” keçirilib

14 iyun 2023 | 13:20

20 yanvar şəhidi Eldar Məmmədovun adını daşıyan Yasamal rayonundakı 21 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Bu münasibətlə keçirilən bayram tədbirində təhsil ocağının direktoru Elza Bağırzadə məzunları təbrik etdi və onlara uğurlar arzuladı.

Son zəng tədbirinə qatılan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov məzunları və onların valideynlərini, müəllim kollektivini Rayon İcra Hakimiyyəti adından təbrik edərək onlara ən xoş arzularını çatdırdı.

Ümummilli liderimiz Heydər Əliyevin  "Təhsil millətin gələcəyidir” kəlamını xatırladan Elşad Həsənov bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təhsilə xüsusi qayğı və diqqət göstərdiyini vuğuladı. Bildirildi ki, Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Son 20 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. İcra başçısı xatırlatdı ki, 2012-2013-cü illərdə 21 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılmış, məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə məktəbdə daha iki korpus və idman meydançası tikilərək istifadəyə verilmişdir.

Öz çıxışında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi, bu gün 11 sinifi bitirib məzun olanlar arasında Nurlan Qənbərov da var. Nurlan Azərbaycan ordusunun polkovnik-leytenantı Mehman Qənbərovun övladıdır. Mehman Qənbərov 2020-ci lin Vətən müharibəsi zamanı cəsur döyüşərək şəhid olub. Elşad Həsənov şəhid övladının bizim üçün bir əmanət olduğunu vurğuladı.

Tədbirdə çıxış edən digər natiqlər məzunlara gələcək təhsil və həyatlarında uğurlar və bol nailiyyətlər dilədilər. Tədbirdə məzunların hazırladıqları musiqili kompozisiyalar ifa edildi. Müsiqili nömrələr hamıda xoş əhval-ruhiyyə yaratdı.

Keçidlər