Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda narkomaniya ilə mübarizəyə həsr edilmiş tədbir keçirilib

18 may 2022 | 14:56

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizə sağlam gələcəyin təminatıdır” mövzusunda seminar-müşavirə keçirildi. Tədbirdən öncə rayon gənclərinin «Narkomaniyaya-yox!» mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirildi.Tədbiri Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq seminar müşavirənin keçirilməsində qarşıya qoyulmuş başlıca məqsədlər barədə iştirakçılara geniş məlumat verdi.

Daha sonra mövzu ətrafında diskussiyalar aparıldı. Çıxışçılar və natiqlər millət vəkili Ülvi Quliyev, Yasamal rayon Məhkəməsinin sədri İslam Əliyev, DİN və Narkoloji dispanserin nüməyəndələri  seminar-müşavirə iştirakçılarının çoxsaylı suallarını dolğun şəkildə cavablandırdılar.

Seminar-müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  Elşad Həsənov «Narkomaniya ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi» mövzusunda çıxış edərək bildirdi ki, narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin bütün üzvləri birgə mübarizə aparmalıdırlar və ölkəmizdə narkomaniya ilə mübarizə hər zaman dövlətin prioritet sahəsidir. Dövlət səviyyəsində maarifləndirmə işləri, hüquq-mühafizə orqanlarının barışmaz fəaliyyəti, gənclər və idman sahəsinə xüsusi dövlət qayğısı narkomaniyanı məhdudlaşdırmağa imkan verir.

Qeyd olundu ki, cənab Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası davam edir.Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya davamlı olaraq reallaşdırılır, yeni nəslin sağlam və milli və mənəvi ruhda tərbiyəsi üçün ardıcıl addımlar atılır.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  Elşad Həsənov bildirdi ki, narkomaniya ilə mübarizə Yasamal rayonunda da uğurla aparılır. Rayonda müasir parklar salınıb, asudə mərkəzləri yaradılıb, yeni futbol meydançaları istifadəyə verilib, əhalinin məşğulluq problemi tədricən həll edilir. Bir sözlə, sosial məsələlərin həlli narkomaniyanın qarşısını kəsir.

Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ali məktəblərin tələbələri, orta məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Keçidlər