Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Yasamal rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd edilib

20 fevral 2023 | 09:16

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin giriş sözündən sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən bəhs edən videoçarx nümayiş olundu.

Tədbirdə geniş nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ötən əsrin 90-cı illərin əvvəlində  ölkədəki xaos və anarxiyanı xatırladaraq böyük səylər nəticəsində Ulu Öndərin müstəqilliyimizi qoruduğunu qeyd etdi. Bu işdə Yeni Azərbaycan Partiyası o zaman mühüm rol oynadı. Beləliklə, o vaxt Milli Qurtuluşla başlayan yol üç il öncə tarixi Zəfərə qədər uzandı. Cənab Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək 44 günə Qarabağı azad etdi. Qeyd olundu ki, bu gün Qarabağda böyük miqyaslı tikinti və quruculuq işləri görülür.Cənab Prezidentin ən yaxın silahdaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti sahəsində son üç ildə azad edilmiş torpaqlarımızda böyük işlər görülüb və tarixi-memarlıq abidələrimiz bərpa edilir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Bakı Ali Neft Məktəbinin rektoru  Elmar Qasımov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və digər natiqlər YAP-ın keçdiyi tarixi yol barədə ətraflı söz açdılar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edildi. Tədbir bədii hissə ilə yekunlaşdı.

Keçidlər