Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbə adını qazanmış Yasamal məktəbliləri təltif edildi

13 sentyabr 2023 | 18:59

Yasamal rayonunda ötən tədris ilini yüksək qiymətlərlə başa vuraraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib. Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova yüksək nəticə əldə etmiş tələbələri təbrik edərək onların həyatında yeni mərhələnin başladığını bildirdi. Statistik məlumatlara toxunan Təravət Muradova qeyd etdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 55 sinfi, onlardan 10-u Yasamal olmaqla ali məktəblərə qəbul imtahanlarında yüz faizlik nəticə göstəriblər.Belə ki, Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin  4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 13 nömrəli tam orta məktəbin 2 sinfi, 53 nömrəli tam orta məktəbin isə 1 sinfi üzrə bütün məzunlar yüz faiz nəticə göstərərək ali məktəblərə qəbul olublar.Bildirildi ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin və Gənc istedadlar liseyinin məzunlarının 100%-i tələbə adını qazanıblar.

Daha sonra tədbir  iştirakçılarını təbrik edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamını xatırlatdı. Elşad Həsənov Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin elm və təhsilə xüsusi qayğı və diqqət göstərdiyini vurğuladı. Həmçinin bildirdi ki, Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Son 20 il ərzində Azərbaycanda 4000-ə yaxın məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün isə azad edilmiş torpaqlarımızda yeni-yeni məktəblər tikilib istifadəyə verilir. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tələbə adını qazanmış bütün gənclərə yeni müvəffəqiyyətlər arzuladı.

Daha sonra cıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli  tələbə adını qazanmış şəxsləri təbrik etdi və onlara təhsildə uğurlar arzu etdi. Vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinə sadiq qalan Prezident İlham Əliyev də Azərbaycan gənclərinin inkişafını hədəfləyən mühüm sənədlərə daim imza atır.

Tədbirdə tələbə adını qazanmış məktəblilər də öz fikirləri ilə bölüşdülər və Yasamal Rayon İcra Hakimiyyətinin  rəhbərliyinə təşkil edilən bu tədbirə görə təşəkkürlərini bildirdilər.

Tədbrin sonunda tələbə adını qazanan bütün məzunlara hədiyyələr verildi, 650-dən yuxarı bal toplayan tələbələr isə həm də xüsusi fəxri fərmanlarla təltif olundular.

Sonda xatirə şəkli çəkildi.

Keçidlər