Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan tarixi”mövzusunda elmi-praktik konfransın rayon turuna yekun vuruldu

08 aprel 2023 | 13:22

Yasamal rayon İcra Hakimiyyətinin akt zalında Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda inşa-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına dair elmi-praktik konfrans keçirildi.

Konfransda Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər, şagirdlər və onların valideynləri iştirak etdilər.

Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin “Kiçik memarlar” adlı əl işlərindən ibarət rəsgisi ilə tanış oldular, gimnaziyanın şagirdləri mahnı və şer kompozisiyaları ilə çıxış etdilər.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Konfransda giriş sözü ilə çıxış edən Təravət Muradova Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş bu konfransın şagirdlərin şəxsiyyət kimi yetişməsi və vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyətindən danışaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Yasamal rayonunda fəaliyyət göstərən 23 ümumtəhsil məktəbindən 178 şagird bu layihəyə qatılmış, onlardan 10 nəfəri rayon turuna vəsiqə qazanmışlar.

Ümumtəhsil məktəb şagirdləri arasında keçirilən bu layihənin əhəmiyyətindən danışan Elmin İmanov bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümumilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün şagirdlərin onun yaradıcılığını daha da dərindən mənimsəməsi, gələcək nəsillərə ötürməsi öndə duran vəzifələrin ən başlıcasıdır.

Konfransın yekununda Yasamal rayonu Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbin, E.Məmmədov adına 21 saylı tam orta məktəbin, A.Ağaverdiyev adına 31 saylı tam orta məktəbin, 53 saylı tam orta məktəbin və Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri şəhər turuna vəsiqə qazandılar.

Sonda iştirakçılara Yasamal rayon İcra Hakimiyyəti adından hədiyyələr təqdim olundu, xatirə şəkli çəkildi.

Keçidlər