Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” çərçivəsində bilik yarışı keçirildi

07 aprel 2023 | 16:18

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Bu məqsədlə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yasamal rayonunun orta məktəb şagirdləri arasında intellektual bilik yarışı keçirildi.

Müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin təbliğ olunmasına, Ulu Öndər irsinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Şübhəsiz ki, cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar-müstəqil vətənimizin gələcək keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşırlar. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır.

İki mərhələdən ibarət olan müsabiqənin rayon mərhələsi aprelin 7-i Yasamal rayonu E.Məmmədov adına 21 saylı tam orta məktəbin akt zalında keçirildi.

Müsabiqədə Yasamal rayonunda fəaliyyət göstərən 20 ümumtəhsil tam orta məktəbi iştirak etdi. Hər məktəb komandasını 5 şagird təmsil edərək Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ olunması istiqamətində bilik və bacarıqlarını nümayiş etdirdilər. 2 saat davam edən gərgin yarışmanın nəticələrinə əsasən A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin komandası 1-ci yerə, 2-ci yerə - Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbin, 3-cü yerə - E.Məmmədov adına 21 saylı tam orta məktəbin komandası layiq görüldülər. İştirakçılara xüsusi diplomlar, qaliblərə isə bilik kuboku və hədiyyələr təqdim olundu.

Qalib komanda yekun olaraq may ayının 1-də nəzərdə tutulmuş final müsabiqəsində iştirak üçün vəsiqə qazandı.

Keçidlər