Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarışın final mərhələsinə yekun vuruldu

12 may 2023 | 12:30

“Heydər Əliyev ili” çərçivəsində Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonunun orta məktəb şagirdləri arasında intellektual bilik yarışının final mərhələsinə yekun vuruldu.

Ümummilli Lider Heydər Əliyevin 100 illik Yubileyi münasibətilə “Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarışın final mərhələsi keçirilmiş və qaliblər mükafatlandırılmışdır.

Tədbirdən öncə iştirakçı şagirdlər Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, abidələri önünə əklil qoyulub.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarının ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Davamında Ulu Öndər Heydər Əliyevin uşaqlara olan qayğısından bəhs edən videoçarx nümayiş etdirilib.

Komitə sədri Bahar Muradova qonaqları salamlayaraq, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər sırasında uşaqların iştirakı ilə keçirilən tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O diqqətə çatdırıb ki, bu il həm də Ümummilli liderin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinin də qeyd olunması baxımından dəyərlidir. Ölkədə uşaq hüquqlarının qorunması üçün qəbul edilən qanunlardan bəhs edən sədr bildirib ki, bu qanunların icrası üçün mexanizmlər də yaradılıb. O, bildirib ki, Dövlət Komitəsi də bu mexanizmlərdən biri kimi uşaq hüquqlarının qorunması, onların inkişafı və bütün sahələrdə təmsilçiliyini təmin etmək üçün lazımi addımlar atır.

Tədbir komandaların qalibiyyət uğrunda mübarizəsi ilə davam edib. Bu intellektual yarışda hər komandada 5 iştirakçı olmaqla, ümumilikdə 158 komanda iştirak etmiş, onlar arasından hər rayondan (Bakı şəhəri üzrə 12 rayon) bir komanda qalib gələrək final turuna vəsiqə qazanmışdır. Yarışın məktəblərarası rayon turunda Yasamal rayonunun 20 ümumtəhsil məktəbi iştirak etmiş, A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin komandası birinci yerə layiq görülmüşdür.

Final yarışın yekun nəticələrinə görə, I yerin qalibi və kubokun sahibi Xətai rayonunu təmsil edən komanda olub. Yasamal rayonunu təmsil edən komanda II yerin, Binəqədi rayonunu təmsil edən komanda isə III yerin sahibi olub.

Yarışın qalibləri Komitə tərəfindən diplomlar, kubok və xatirə hədiyyələri ilə təltif olunublar.

Sonda xatirə fotosu çəkilib.

Keçidlər