Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Yasamal rayonunda iki körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış oldu

11 aprel 2013 | 10:00

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 60 və 77 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait ilə tanış oldu.

Mehriban Əliyeva əvvəlcə 60 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə, daha sonra isə bağçadakı şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1961-ci ildə inşa edilmiş binada indiyədək heç vaxt bu cür təmir işləri aparılmayıb.

Bildirildi ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılmışdı. Bağçada 2-6 yaş arası 75 uşağın təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 1 musiqi müəllimi məşğul olur.

Müəssisədəki 4 yataq otağı, 4 qrup otağı, musiqi və idman zalı, mətbəx tamamilə yenilənib. Otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla təchiz edilib. Mehriban Əliyevanın adından bağçaya mebel, soyuducu, televizor, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edildi.

Daha sonra Mehriban Əliyeva 77 nömrəli körpələr evi-uşaq bağçasına gəldi.

Müəssisənin əvvəlki vəziyyətinin əks etdirən fotolara baxan Mehriban Əliyevaya məlumat verildi ki, 1963-cü ildə inşa olunmuş bu bina ötən illər ərzində tam yararsız vəziyyətə düşmüşdü. Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq 2012-ci ildən burada aparılan yenidənqurma işlərindən sonra bağça yeni və müasir görkəm alıb.

İkimərtəbəli binada 5 qrup, 5 yataq, həkim otaqları, musiqi və idman zalları, mətbəx yenilənib. Burada 2-6 yaş arası 95 uşaq tərbiyə alır. Balacaların təlim-tərbiyəsi ilə ümumilikdə 26 nəfər məşğul olur. Bu məktəbəqədər təhsil ocağına da bütün avadanlıq Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunub.

Mehriban Əliyeva hər iki bağçada yaradılmış şəraitdən razılığını bildirdi.

Keçidlər