Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz şənlikləri

19 mart 2013 | 11:00

Bərəkət və xeyirxahlıq təcəssümü, təbiətin oyanışının simvolu olan Novruz bayramı ölkəmizin hər yerində olduğu kimi, Yasamal rayonunda da böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edilir və bu münasibətlə yerlərdə silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Mirəli Seyidov küçəsi ilə Zərdabi küçəsinin kəsişməsində yerləşən Yasamal istirahət parkında keçirildi.
Baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüş istirahət parkında səhnə qurulmuş, xonçalar qoyulmuşdu. Şənlik Dədə Qorqudun və Bahar qızın novruz tonqalını yandırmasıyla başladı. Tədbir böyük konsert proqramı ilə davam etdi. Novruzun simvolları olan Bahar qızı, Kosa, Keçəl insanlarda xoş ovqat yaradırdı. Azərbaycan Dövlət İncəsənət Gimnaziyasının kollektivi, incəsənət adamlarının ifaları hamını riqqətə gətirdi. Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qruplarının məharətlə ifa etdikləri rəqslər, toxuduqları xalılar, hazırlanan novruz şirniyyatı, idmançıların nümunəvi çıxışları, kəndirbazların, pəhlivanların göstərdikləri nömrələr hamıda əsl Novruz təəssüratı və bayram əhval -ruhiyyəsi yaratdı.
Bayram iştirakçıları Novruz sovqatları - paxlava, qoğal, şəkərburaya və kababa qonaq edildi. Burada unudulmaz xalq şənliyi keçirildi.

Keçidlər