Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam ailə cəmiyyətin əsasıdır” mövzusunda dəyirmi masa

01 mart 2013 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində  Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi və rayon  Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sağlam ailə cəmiyyətin əsasıdır” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Yasamal rayon Qeydiyyat şöbəsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitunun, Yasamal rayon Məhkəməsinin, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məsul işçiləri, ali təhsil müəssisələrinin tələbələri,  Tələbə Gənclər Təşkilatlarının sədr və sədr müavinləri, rayon gəncləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq  tədbirin keçirilməsində qarşıya qoyulmuş məqsədlər baradə geniş məlumat verdi, cəmiyyətin, tarixi yaddaşın daşıyıcısı olan ailənin dünyanın hər yerində sarsılmaz, əbədi dəyər sayıldığını, zəngin ənənələrə malik Azərbaycan ailəsinin  də istisna təşkil etmədiyini, tarixən ailənin xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynadığını, xüsusilə bir sıra toplumlardan fərqli olaraq,  Azərbaycan cəmiyyətində ailə institutunun özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxladığını vurğuladı. O, öz çıxışı zamanı Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasətinin  də milli-mənəvi dəyərlərdən qaynaqlandığını və bilavasitə onun təcəssümü olduğunu, ölkə başçısının da hər zaman bu məqamları xüsusilə vurğuladığını qeyd etdi.
Daha sonra tədbirə dəvət olunmuş qonaqlar gənc ailələri narahat edən problemlər və onların həlli yolları, nigahın hüquqi əsasları, nigahdan əvvəl tibbi müayinə, qan qohumları arasında nigah və onun fəsadları, baş verən boşanmaların əsas səbələri, islamda ailə anlayışı kimi mövzularla bağlı çıxış etdilər. Tədbirə toplaşmış gənclərin sadalanan mövzularla bağlı maariflənməsinin vacibliyi xüsusilə vurğulandı. Bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan qadın hərəkatının lideri, Birinci Xanım, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən ailə problemlərinin həlli istiqamətində gerçəkləşdirilmiş önəmli layihələr xüsusilə qeyd olundu.
Gənclər onları maraqlandıran mövzularla bağlı suallarını mütəxəssislərə ünvanladılar və tədbir disskusiya şəklində davam etdi.

Keçidlər