Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 2012 - ci ilin yekunları geniş müzakirə olunmuşdur

22 fevral 2013 | 11:00

Yasamal rayonunda 2012 - ci ilin yekunları geniş müzakirə olunmuşdur. Ötən il görülmüş işlər barəsində məlumat verən rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin məruzəsindən də aydın görünür ki, qarşıya qoyulan vəzifələr uğurla icra olunmuş, əhalini narahat edən problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atılmışdır. Ötən il Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Yasamal rayonunda da yüksək templə davam etmişdir.
Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev tərəqqidən danışarkən qeyd etmişdir ki, sürətli inkişafa və abadlıq-quruculuq işlərinə rəvac verən möhtərəm Prezidentimiz İlham Əliyevdir. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Yasamal rayonunda mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri, piyada keçidləri, parklar, infrastruktur obyektləri, dünya standartlarına cavab verən otellər, yeni inzibati binalar istifadəyə verilmiş, əhalini narahat edən əsas problemlər tədricən aradan qaldırılmışdır. Görülmüş bütün işlər rayon sakinlərində dövlətə inamı, Prezidentimizə etimadı daha da artırmışdır. Rayon sakinləri ümummilli lider Heydər Əliyevin siyasi kursunun alternativi olmadığına bir daha əminliklərini ifadə etmişlər. Yasamal rayonunun sosial-iqtisadi həyatında son illər əldə olunan sürətli inkişaf ötən ildə də davam etdirilib. Həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılıb. Belə ki, ötən ilin yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 198,5 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 577 milyon manat olmuşdur. Rabitə xidmətlərinin həcmi 184 milyon manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 570 milyon manat təşkil etmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 123,7 və 129,3 faiz deməkdir. Digər sahələrdə də uğurların qazanıldığını vurğulayan İ.Mehdiyev son illərdə geniş miqyaslı abadlıq-quruculuq işlərindən də söhbət açmışdır. Onun sözlərinə görə, təkcə ötən il Prezident İlham Əliyevin 9 dəfə Yasamal rayonunda olması bu ərazidə aparılan abadlıq və yenidənqurma işlərinin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan Prezidenti Yasamal rayonunda aparılan işlərə xüsusi əhəmiyyət vermiş, işlərin gedişi ilə mütəmadi olaraq maraqlanmış, yeni obyektlərin açılış mərasimlərində şəxsən iştirak etmişdir. “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icra olunması daim diqqət mərkəzində saxlanılmış, bu proqramın qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması rayonun yol təsərrüfatı, abadlıq və yaşıllaşdırma, təhsil, səhiyyə sahələrində öz müsbət nəticələrini göstərməkdədir. Dövlət Proqramında nəzərdə tutulmuş maddələrin 53 bəndinin 25-i tamamilə icra olunmuş, 14 bəndi isə hazırda icra olunmaqdadır. Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də rayon əhalisinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə göstərilən xidmət qarşıya qoyulan əsas vəzifələrdən biri olmuşdur. Sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, yoxsulluq həddində yaşayan ailələrə ünvanlı sosial yardımların tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Ünvanlı dövlət sosial yardımı Dövlət Proqramı çərçivəsində rayon əhalisinə Sosial Müdafiə Mərkəzi tərəfindən 17290 nəfər ailə üzvü olmaqla 4673 ailəyə ünvanlı sosial yardım verilmişdir. Sosial xidmətdə olan 320 tənha və kimsəsizin problemlərinin həlli, müxtəlif formada onlara maddi və mənəvi yardımların göstərilməsi təmin olunmuşdur. Mərkəz tərəfindən 16 nəfərə sanator-kurort müalicəsi üçün göndərişlər verilmiş, 48 nəfər əlil isə Nabran istirahət mərkəzinə göndərilmişdir. 19 nəfərə pulsuz avtomobillər verilmişdir. 325 nəfər Böyük Vətən müharibəsi, 20 Yanvar və Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdü verilir. Həmçinin rayon əhalisinin və müəssisələrin elektrik enerjisi, qaz, istilik, içməli su təminatının daha da yaxşılaşdırılması məqsədilə məqsədyönlü işlər görülmüşdür.
Rayonda təhsilin, məktəbəqədər təhsil müəssisələrinin və səhiyyənin inkişafından danışan İ.Mehdiyev diqqətə çatdırdı ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Heydər Əliyev Fondunnun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təhsil və səhiyyəyə diqqət və qayğıları sayəsində ölkənin bütün bölgələrində olduğu kimi, Yasamal rayonunun orta ümumtəhsil məktəblərinin, məktəbəqədər uşaq və səhiyyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində saysız-hesabsız işlər görülmüş və görülməkdədir. Bu işlərin həyata keçirilməsində “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafının Dövlət Proqramı”na əsasən Yasamal rayonunda 11 məktəbin, 21 məktəbəqədər uşaq müəssisəsinin əsaslı təmiri, yenidən qurulması və Yeni Yasamal yaşayış massivində məktəbəqədər uşaq müəssisəsinin tikintisi nəzərdə tutulmuşdur.
Natiq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2012-ci il “İdman ili” elan edilmişdir. Bu işin rayonda yüksək səviyyədə təşkili məqsədilə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı imzalanmış və tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən rayonda bir sıra idman yarışları keçirilmişdir. Bu sırada ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş oğlanlar və qızlar arasında mini-futbol, voleybol və basketbol yarışlarını göstərmək olar. Aidiyyəti idman təşkilatları ilə birgə yeniyetmə və gənclər arasında sambo turniri, “İdman və sağlamlıq” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. “İdman ili”nin yekunu ilə əlaqədar bir qrup idmançıya fəxri fərmanlar, qiymətli hədiyyələr verilmişdir.
Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi və vaxtında həll edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu məqsədlə rayon rəhbərliyi xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə yerlərdə 2012-ci il ərzində 20 səyyar qəbul və görüşlər keçirmişdir. Görüş və qəbullarda 3500 nəfər iştirak etmişdir. Bu qəbullar zamanı 185 müraciətin hamısı öz həllini qısa müddətdə tapmışdır. Müraciətlərin əksəriyyəti yaşayış binalarının, ümumi giriş sahələrinin, damların təmiri, küçə və məhəllədaxili yolların, həyətlərin asfaltlanması və abadlaşdırılması, elektrik enerjisi, istilik ilə təchizat, kanalizasiya xidməti və digər sosial-məişət və mənzil məsələləri ilə bağlı olmuşdur.
Ümumilikdə, 2012-ci il ərzində Yasamal Rayon İcra Hakimiyyətinə 2837 ərizə şikayət və təklif daxil olub. 2011-ci ildə isə bu rəqəm 3225 idi. Vətəndaşlardan daxil olmuş 2743 müraciətdən 2687 - nə baxılaraq 717-si müsbət, 268-i qismən həll olunmuş, 920-nə müvafiq izahat verilmiş, 81 müraciət əlaqədar təşkilatlara göndərilmiş, 573 müraciət isə əsassız hesab edilmişdir. Vətəndaşların qəbulu əvvəlki illərdə olduğu kimi, təsdiq olunmuş cədvələ əsasən aparılmışdır.
Qeyd olundu ki, ötən il icra hakimiyyəti başçısının aparatında 3167 vətəndaş qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda həyatımızın bütün sahələrində olan inkişaf, əldə edilən uğurlar qeyd edilməklə bərabər bəzi məmurların vətəndaşlara qayğı göstərməmələri qeyd olunmuşdur. Bəzi vəzifəli şəxslər öz fəaliyyətlərində cəmiyyətin, vətəndaşların maraq və mənafelərini lazımi şəkildə nəzərə almır və insanları narazı salırlar.
Başçı sonda bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlardan bacarıqla istifadə olunacaq.
Çıxış edənlər ötən il Yasamal rayonunda görülən işləri yüksək qiymətləndirdilər. Tədbirdə iştirak edən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Tağı Tağıyev ötən il görülmüş işləri yüksək qiymətləndirərək qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunması üçün dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırmışdır.

Keçidlər