Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda alman faşizmi üzərində tarixi Qələbənin 74 illiyi qeyd olundu

09 may 2019 | 11:00

Bu il alman faşizmi üzərində tarixi Qələbədən 74 il ötür. 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatıb.

Yasamal rayon İcra Hakimiyyəti Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə anım tədbiri keçirdi.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, aparatın kollektivi, Böyük Vətən Müharibəsi iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun idarə və müəssisə rəhbərləri,ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin zabitləri, Mehdi Hüseynzadənin yaxınları iştirak etdilər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, abidənin önünə əklil və gül dəstələri düzüldü.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov veteranlarla görüşdə bildirdi ki, bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının şücaəti heç vaxt yaddaşlardan silinməyəcək. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatını təmin edib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Görüşdə çıxış edən veteranlar ölkə başçısı cənab İlham Əliyevə veteranların problemlərinə xüsusi diqqət yetirdiyinə, onlara hərtərəfli qayğı ilə yanaşdığına və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atdığına görə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, məhz ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur.

Keçidlər