Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Yasamal rayon təşkilatının 20 illiyinə həsr olunmuş tədbir keçirildi

21 fevral 2013 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov zəmanəmizin ən nüfuzlu partiyası olan YAP-ın keçdiyi 20 illik yol haqqında toplantı iştirakçılarına məlumat verdi.
Partiyanın rayon təşkilatının gəncləri adından çıxış edən Daşqın Qəmbərov gənclərin partiyada səmərəli fəaliyyətindən danışdı.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva dövrümüzün ən qüdrətli partiyası olan YAP üzvlərinin ölkə üzrə təxminən 50, Yasamal rayonunda isə 60 faizini qadınların təşkil etdiyini bildirdi.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxışında vurğuladı ki, digər rayonlarla müqayisədə Yasamal təşkilatında ziyalılar çoxluq təşkil edir. Natiq rayondakı abadlıq-quruculuq işlərindən danışdı və cari ilin payızında keçiriləcək prezident seçkilərinə hazırlıq barədə məlumat verdi.
YAP sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın müasir tariximizin şərəfli salnaməsini təşkil etdiyini bildirdi. O, 20 il ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətimizin və insanların rifahının yüksəlməsindən, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından danışdı. Ə.Əhmədov əmin olduğunu bildirdi ki, əldə edilən uğurlar Azərbaycanın gələcəyinin daha parlaq olacağına gözəl zəmin yaradır.
Tədbirdə akademik Vaqif Fərzəliyevə, gənclər Ü.Məmmədovaya, F.Əliyevə və P.Səfərova partiyanın üzvlük vəsiqələri təqdim olundu.
Toplantının yekununda tədbir iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul etdilər. Müraciətdə deyilir: "Ulu öndər Heydər Əliyevin yaratdığı analoqu olmayan, zəmanəmizin ən mütərəqqi partiyası Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaranmasından 20 il keçir. 1993-cü il fevralın 20-də 560 nəfər təəssübkeşin iştirakı ilə yaranan Yasamal rayon təşkilatı bu gün öz sıralarında 26 min nəfərdən artıq YAP üzvünü birləşdirir. Partiya üzvlərinin sosial tərkibinə gəldikdə, bunlardan 450 nəfəri elmlər doktoru-professor, 50 nəfəri Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləridir, 1150 nəfər elmlər namizədidir, 35 nəfər respublikanın xalq və əməkdar artistidir. Bu göstəricilər Yeni Azərbaycan Partiyasının xalq arasında necə böyük nüfuz qazanmasına sübutdur.
Yarandığı gündən məqsədi, amalı xalqa, vətənə, dövlətçiliyə xidmət olan  YAP Yasamal rayon təşkilatı dövlət siyasətinin təbliği, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı ilə müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin dinamik inkişafına çalışmışdır.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının üzvləri Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənirlər. Ulu öndər Heydər Əliyev siyasətini inamla davam etdirərək tarixi baxımdan qısa zaman kəsiyində Sizin ölkəmizdə apardığınız uğurlu islahatlar bir daha sübut edir ki, ümummilli liderin axıra çatdıra bilmədiyi məsələləri məhz Siz həyata keçirirsiniz. Bütün bunlara görə xalq Sizi alqışlayır!
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının 26 minlik üzvləri adından ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək prezidentlik fəaliyyətinizdə daha böyük uğurlar arzulayır və Sizin hər bir çağırışınıza hazır olduğumuzu bəyan edirik!"

Keçidlər