Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri” ictimai birliyinin hesabat yığıncağı keçirildi

15 dekabr 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” ictimai birliyinin Yasamal rayon təşkilatının 2016-cı ilin yekunlarına dair hesabat iclası keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Yasamal rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində Ulu Öndərin büstü önünə əklil qoyaraq onun ruhu qarşısında baş əydilər. Daha sonra dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış oldular.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” ictimai birliyin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev çıxış edərək gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, döyüş hazırlığı və müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlərdən danışdı. Bu baxımdan maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd etdi.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova dövlətimizin Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açdı.Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğuladı. O, ölkəmizdə bu istiqamətdə, həmçinin ordu quruculuğu sahəsində görülən işlərin əhəmiyyətindən, ordumuzun son döyüşlərdə göstərdiyi şucaətindən və döyüş tarixinə yazdıqları qəhrəmanlıq salnaməsindən danışdı.

Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digərləri çıxış edərək bu qəbildən olanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl işləri məmnunluqla vurğuladılar.

Sonda bir qrup veteran və əlillərə birliyin “Fədai” və “ Vətən naminə” medalları təqdim olundu.

Keçidlər