Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında narkomaniya halları və QİÇS-in profilaktikası

22 iyun 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti, Yasamal rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 26 iyun-Narkomanlıq Əleyhinə Ümumdünya Mübarizə gününə həsr olunmuş «Gənclər arasında narkomaniya halları və QİÇS-in profilaktikası» mövzusunda seminar müşavirə keçirildi.

Tədbirdən öncə Mərkəzin foyesində rayon gənclərinin «Narkotiklərə Yox!» mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin bir qrup tələbələri, idarənin yerli Gənclər Nümayəndəliklərinin aktiv gəncləri, Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Dairələri üzrə nümayəndəliklərinin, ictimai təşkilatların, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, orta ümumtəhsil məktəblərinin psixoloqları iştirak etdilər.

Tədbiri Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq seminar müşavirənin keçirilməsində qarşıya qoyulmuş başlıca məqsədlər barədə iştirakçılara geniş məlumat verərək «Gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkili sahəsində görülən işlər» mövzusunda çıxış etdi. İlham Səfərov çıxışında bildirdi ki, narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədi ilə 1987-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 26 iyun tarixi Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya Mübarizə günü kimi elan edilmişdir. Və bu günün qeyd olunmasında başlıca məqsədin dünya ictimaiyyətinin diqqətini bu bəlaya yönəldilməsinin olduğunu diqqətə çatdırdı.

Seminar müşavirədə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev «Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizəyə həsr olunmuş dövlət proqramlarının əsas prinsipləri», Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Elçin Haqverdiyev «Narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər», Yasamal rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Anar Süleymanov «Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qanunla nəzərdə tutulmuş cəza tədbirləri haqqında», Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin həkimi Cavid Cahangirli «Azərbaycanda İİV-QİÇS-lə bağlı vəziyyət, profilaktika tədbirləri və qorunma yolları», Hacı Soltanəli məsçidinin axundu Hacı İbrahim Yarıyev «İslam dini zərərli vərdişlərə qarşı» mövzusunda çıxışlar etdilər.

Daha sonra mövzular ətrafında diskussiyalara start verildi. Gənclər onları maraqlandıran suallara dolğun cavablar aldılar.

Keçidlər