Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anıldı

28 aprel 2016 | 11:00

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda akademik Zərifə Əliyevanın məzarını ziyarət etdilər. Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təravət Muradova görkəmli alimin həyat və fəaliyyətindən söz açdı. Bildirdi ki, Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirib. Sonra Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayıb və bütün ömrünü oftalmologiyaya həsr edib.

Qeyd olundu ki, hər kəsə sağlamlıq diləyən və bütün həyatı boyu bunun üçün çalışan Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam xüsusilə diqqəti cəlb edir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin estafetini uğurla davam etdirib, elmdə əsl vətəndaşlıq mövqeyi göstərib. Görkəmli alimin elmi irsi bu gün də aktualdır. Zərifə Əliyeva Əməkdar Elm Xadimi kimi şərəfli adı da ləyaqətlə daşıyıb. Amma uğurları nə qədər çox olsa da, ömür payı qısa olub. Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmolo- giya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım ümummilli lider Heydər Əliyevin yaxın silahdaşı idi. Xalqımız qəlblərdə dərin iz buraxmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur.

Tədbirdə 2 saylı Bakı Baza Tibb Kollecinin müəllimi Aynur Səfixanova geniş məruzə ilə çıxış etdi, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Tamella Şahbazova, 13 saylı tam orta məktəbin direktoru Yaqut Sadıxova isə çıxışlarında bildirdilər ki, Zərifə Əliyeva yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. 1923-cü ilin bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Tədbirin sonunda görkəmli oftalmoloq alimin həyatından bəhs edən film nümayiş etdirildi.

Keçidlər