Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal parkında Novruz bayramı şənliyi

18 mart 2016 | 11:00

Xalqımızın əziz bayramlarından olan Novruz Bayramı Yasamal rayonunda geniş şəkildə qeyd olundu. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirildi.

Bayram ərəfəsində rayonda geniş abadlıq və quruculuq işləri, o cümlədən istirahət parklarında, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə gözoxşayan bayram tərtibatı aparılmış, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanmışdır.

Yasamal istirahət parkında Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı qeyd edildi. Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ali, orta ixtisas, orta ümumtəhsil, səhiyyə və digər idarə, müəssisə və təşkilatların kollektivləri, ictimai birliklərin nümayəndələri, eləcə də rayon sakinləri iştirak etdilər.

Bayram şənliyində Novruz bayramının qədim zamanlardan mövcud olan atributları ilə bərabər qədim adət-ənənələri, milli folklor nümunələri və xalq oyunlarını özündə əks etdirən maraqlı proqram sakinlər tərəfindən coşqu ilə qarşılandı. Kəndirbazların çıxşları, milli idman növlərinin nümayişi, milli mətbəximizə aid olan təamlar və şirniyyatların hazırlanma qaydaları, xalçaçılıq sənətinə aid dəzgahlarda əyani şəkildə xalça toxuması, misgərlik, duluzçuluq, xoruz döyüşü, kosa və keçəlin məzhəkələri,Dədə Qorqudun və Bahar Qızının gəlişi xüsusi rəğbətlə qarşılandı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, İ.Əbilov adına Mədəniyyət Mərkəzi, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi və rayon Uşaq Yaradıcılıq Mərkəzlərinin hazırladıqları konsert proqramı şənlik iştirakçılarında yüksək əhval-ruhiyyə və xoş ovqat yaratdı. Konsert proqramında yeniyetmə və gənc istedadlarla bərabər respublikanın fəxri adlarına layiq görülmüş bir sıra tanınmış sənətçilər də çıxış etdilər.

Keçidlər