Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

18 fevral 2016 | 11:00

Bakı şəhərinin Yasamal rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev hesabat dövründə görülmüş yenidənqurma və abadlıq, sosial-iqtisadi sahənin sürətli inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda qeyd olundu ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşmişdir. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur. Bu hadisələr regionumuzun ümumi inkişafına öz mənfi təsirini göstərir. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi fonunda 2015-ci ildə də Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2, 4 faiz, qeyri-neft sektoru 8, 4 faiz artmışdır.

Yasamal rayonunun da iqtisadi göstəriciləri yüksəkdir. Sənaye məhsulunun ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 100, 1 faiz, nəqliyyat sektorunda xidmətlərin həcmi 111 faiz, rabitə xidmətlərinin həcmi 102 faiz təşkil edərək müvafiq olaraq 92 milyon, 1 milyard 700 milyon və 600 milyon manat olmuşdur.  Pərakəndə əmtəə dövriyyəsi 1 milyard 860 milyon manat təşkil edərək 113, 3 faiz artmışdır. Əsas kapitala yönəldilən investisiyalar 765 milyon, əhaliyə göstərilən pullu xidmətlər 616 milyon manat təşkil etmişdir . Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 592, 8 manat olmuşdur.

Ötən ildə 4831 yeni iş yeri açılmışdır. Onlardan 1521-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 220-si mövcud və bərpa olunmuş müəssisələrdə, 3090-ı isə fiziki şəxslərdən ibarət olmuşdur.

Hesabat dövründə rayonda əvvəlki illərlə müqayisədə daha çox irimiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

Beynəlxalq velotur yarışları ilə əlaqədar yarışların rayonun ərazisində marşrut xəttinə düşən hissəsində abadlıq və təmizlik işləri görülmüş, bu beynəlxalq idman tədbirinə tamaşaçıların cəlb olunması məqsədi ilə təşkilati məsələlər həll edilmişdir. Ərazidə yarışların keçirildiyi dövrdə təhlükəsizliyin təmin olunması məsələləri nəzarətdə saxlanılmışdır.

“1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi və yubileyin qeyd olunması üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli 1060 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində işlərin icrası təmin olunmuşdur. Alman faşizmi üzərində qələbənin 70 illik yubileyi rayonda silsilə tədbirlərlə qeyd olunmuşdur. Yasamal rayon İcra Hakimiyyətinin akt zalında Belarusiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçin iştirakı ilə veteranlarla görüş keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Belarusiya Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun Sərəncamları ilə onlara xatirə medalları təqdim edilmişdir.

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 8 aprel 2015-ci il tarixli 91 nömrəli sərəncamına əsasən Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlərt Planına daxil edilmiş tədbirlərin, o cümlədən “Gül bayramı”nda mütəşəkkilliyin, kütləviliyin və məzmun dolğunluğunun təmin olunması məqsədi ilə rayonun bütün orta-ixtisas, orta ümumtəhsil və məktəbəqədər müəssisələri ilə hərtərəfli iş aparıldı. İlk dəfə olaraq “Gül bayramı” 2014-cü il dekabrın 25-də açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi Akim Abbasov küçəsində yeni salınmış Yasamal parkında qeyd olundu.
Bakı-2015 Avropa Oyunlarına hazırlıqla əlaqədar rayonda görüləcək abadlıq işlərinin həcmi xeyli artmış oldu.

Bakı-2015 Avropa Oyunlarına hazırlıqla əlaqədar bütün rayon ərazisinin təmizliyi və abadlığının xüsusi diqqət mərkəzində saxlanılması təmin edildi. Yol yarışları marşrutunun keçdiyi küçələrdə 155 metr uzunluğunda dekorativ hasarlar quraşdırılmışdır.

Kənar Dairəvi yolda 500 ədəd ağac əkilmiş və 2400 kvm qazon salınaraq 2000 ədəd gül kolları əkilmişdir. Mikayıl Müşfiq küçəsinin qurtaracağından Kənar Dairəvi yolun avtomobillərin satışı bazarınadək hissəsinin genişləndirilməsi işləri başa çatdırılmışdır. Genişləndirilən bu yolun hər iki tərəfində piyadaların hərəkəti üçün səkilər qoyulmuş, səkilərə üzlük tavalar vurulmuşdur.

“Bakı – 2015 Avropa Oyunları” Təşkilat Komitəsinin tapşırıqlarına əsasən yarışlarda mütəşəkkilliyin təmin olunması məqsədi ilə rayon İcra Hakimiyyəti və rayonun idarə, müəssisə və təşkilatları xeyli sayda tədbirlərin təşkil olunmasında fəal surətdə iştirak etdilər. Milli Olimpiya Stadionunda, Milli İdman Arenasında, Su Polosu Arenasında, Basketbol Arenasında, Üzgüçülük Arenasında və digər idman qurğularında keçirilən yarışlarda minlərlə tamaşaçının iştirakı təmin edildi. Bakı Dövlət Universitetinin tələbələrindən 3000 nəfər, ümimilikdə isə rayonumuzun ali və orta-ixtisas təhsili müəssisələrindən 6000 nəfər I Avropa Oyunlarında könüllü olaraq iştirak etmişdirlər. Sevindirici haldır ki, 158 saylı məktəbin məzunları, Yasamal rayon sakinləri Tağızadə Ayxan-taekvando, Mürsəliyev Elvin-yunan-roma güləşi idman növləri üzrə Avropa oyunlarında qızıl medallar qazanmışlar.

Hesabat dövründə Dövlət Proqramlarının icrası davam etdirilmişdir. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Yasamal rayonu üzrə 17 tədbirin icrası nəzərdə tutulmuşdur ki, bunlardan 2-si tam icra olunub, 8-i isə icra olunmaqdadır. O cümlədən, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Sentyabrın 3-də liseyin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Dövlət Proqramının 7 bəndi hal-hazırda icra olunur. Bunadək iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva rayonda daha bir açılış mərasimində iştirak edərək Azərbaycan Milli Konservatoriyasının inzibati-tədris kompleksinin yaxınlığında salınan yeni parkda yaradılan şəraitlə tanış olmuşlar.

Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri icra olunur. Köçürmə prosesinin ikinci mərhələsində alqı-satqı prosesi və söküntü işləri davam etdirilir. Kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlər icra olunmaqdadır. Artıq Nərimanov rayonu ərazisində 9 mərtəbəli, 2 bloklu tamamilə rekonstruksiya olunmuş binada 2 otaqlı 104 mənzil hər bir kommunal şəraitlə təchiz edilərək kiçiksahəli mənzillərin sakinlərinə verilmişdir. Yaxın günlərdə onlardan 94 ailə yeni mənzillərə köçə biləcəklər.

Bakı şəhərinin Baş Planınının icrasının 2-ci mərhələsinin başa çatdırılması və yolların çəkilməsinə başlanması məqsədi ilə Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli Qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan Yasamal rayon İcra Hakimiyyəti müəyyənləşdirilmişdir. Bu Qərardan sonra satınalma işləri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetinin Qərarının icrasının təmin olunması məqsədi ilə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2015-ci il tarixli sərəncam verilmişdir. Daşınmaz əmlakın alınması qrupu təşkil edilmiş, elanlar verilmiş, dövlət əhəmiyyətli tədbirin məqsədi izah olunmuş və hər bir əmlak sahibinə rəsmi bildirişlər göndərilmişdir. Hal-hazırda könüllü satınalma davam etdirilir, razılıq əldə olunmayan ünvanlarla əlaqədar məhkəməyə iddia ərizələri hazırlanır. Bu istiqamətdə işlərin operativ həllinin nəticəsidir ki, artıq çəkiləcək əsas yollar mərzlənmiş, və yol tikinti işlərinə başlanmışdır.

Nəriman Nərimanovun abidəsinin arxa tərəfindən Qurban Xəlilov küçəsi boyunca Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinə daxil olmadan Hüseyn Cavid parkına qədər 1 km-ə yaxın yeni yol istifadəyə verilmişdir.

Bu yolun inşası məqsədi ilə İsmayıl bəy Qutqaşınlı küçəsindən 200 ailənin, Mikayıl Müşfiq küçəsindən 16 ailənin köçürülməsi təmin edilmişdir. Yol kənarında sahəsi 7000 kv. m-dən böyük olan park yaradılmışdır.

Köçürmə işləri aparılmış birinci mərhələnin yerləşdiyi ərazidə artıq yeni yolun tikintisinə başlanmışdır. Nəriman Nərimanovun abidəsinin arxasından Qurban Xəlilov küçəsi boyunca Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinə daxil olmadan Hüseyn Cavid parkına qədər 600 metr yolun çəkilməsi üçün həmin ərazidə yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı köçürülmə artıq təmin edilmişdir.

Nəriman Nərimanovun heykəlindən Mikayıl Müşfiq küçəsi boyunca abadlıq işləri davam etdirilmişdir. Burada 28 saylı beşmərtəbəli yaşayış binasının fasadı təmir olunaraq 630 kv. m rəngləmə işləri görülmüşdür. Küçənin bir hissəsinin asfalt örtüyü əsaslı təmir edilmiş, köhnə bardürlər yeniləri ilə əvəzlənmişdir. Küçəyə 5500 kv. m asfalt örtüyü vurulmuş, yol kənarlarına 520 p/m mərmər bardür düzülmüş, 30 ədəd yeni işıq dirəyi quraşdırılmışdır. Küçə boyunca 200 kv. m dekorativ hasar quraşdırılmış, istinad divarında mişar daşından 200 kv. m suvaq və rəngləmə işləri görülmüşdür. Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yasamal rayonunda yeni çəkilmiş yolun və yeni salınan parkların açılışında iştirak etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” metro stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak etdi.

Murtuza Muxtarov və Nizami küçələrində 2 ikimərtəbəli yaşayış binası aqlay daşla yenidən üzlənmiş, binaların eyvan konstruksiyaları yenilənmişdir. Eyvanlarda 90 p/m dekorativ məhəccərlər quraşdırılmış, döşəmələri yeni taxta materiallarla əvəz edilmiş və altlıqları taxta ilə üzlənmişdir. Eyvanlarda ümumilikdə 230 kv. m taxta ilə üzlənmə işi görülmüşdür.

Sevindirici tədbirlərimizdən biri də imtiyazlı ailələrin mənzil-məişət problemlərinin həlli ilə əlaqədardır. Bilavasitə Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə əsasən İmtiyazlı 30 ailə dövlət qayğısının daha bir təzahürü olaraq yeni tikilmiş binalarda mənzillərlə təmin olunmuşlar. 9 gözdən əlil ailəsi Nəriman Nərimanov metro stansiyasının yaxınlığında, 5 20 Yanvar şəhid ailəsi, 12 Qarabağ müharibəsi şəhid ailəsi və 4 Qarabağ müharibəsi əlili Mehdiabad və Məhəmmədli qəsəbələrində yeni inşa olunmuş binalarda mənzil ilə təmin olunmuşlar. Bu istiqamətdə işlər davam etdirilməkdədir.

Təcrübədən göründüyü kimi dövlət strukturlarının digər sferalarda irihəcmli tədbirlərin icrasına cəlb edildikləri dövrlərdə qanunsuz tikinti işlərinə meyllərin artması müşahidə olunur. 2007-ci ildən başlayaraq rayon ərazisində qanunsuz ət kəsimi və küçə ticarətinə qarşı mübarizə gücləndirilmiş, demək olar ki, bu cür xoşagəlməz hallar aradan qaldırılmışdır. Lakin son zamanlarda 2 nömrəli Bakı-Baza Tibb Kollecinin yataqxasında məskunlaşmış məcburi köçkünlər qanunsuz ət kəsimi və küçə ticarəti məşqul olaraq ətraf ərazidə anti-sanitar vəziyyətin yaranmasına səbəb olurdular. Ona görə də təxirəsalınmaz tədbirlər görülərək Yasamal rayon İcra Hakimiyyətinin, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Yasamal rayon Polis İdarəsinin səyi nəticəsində bu cəhdlərin qarşısı alındı. Beləliklə, 12 ət kəsimi və satışı nöqtəsi, bir kafe və sahəsi 120 kv. m tövlə sökülərək ləğv edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial problemlərinin həlli istiqamətində verilmiş tapşırıqlar və bu sahədə yaranmış problemlərin həlli daim rayon İcra Hakimiyyətinin nəzarətində olmuşdur. Mənzil fondunun, sosial obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin payız - qış mövsümünə hazırlığının lazımi qaydada təmin edilməsi məqsədi ilə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 197 nömrəli 07 avqust 2015–ci il tarixli sərəncamı ilə tədbirlər planı təsdiq olunmuşdur. Rayon sakinlərinin, eləcə də hüquqi və fiziki şəxslərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz ilə təchizatı məsələsi demək olar ki, bütünlüklə həll edilmişdir.

Hesabat dövründə əhalinin sosial problemlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlar və bu sahədə yaranmış problemlərin həlli daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş və bu sahədə mövcud olan problem-lər, demək olar ki, öz həllini tapmışdır.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun istiliklə təchizat məsələsi istiqamətində xeyli iş görülmüşdür. Görülmüş işlər nəticəsində 392 yaşayış binası payız – qış mövsümündə istiliklə təmin olunur.

Rayonda fəaliyyət göstərən 24 ümümtəhsil məktəbindən 14 – ü, 2 musiqi məktəbi “ Azəristiliktəchizat “ ASC tərəfindən istiliklə təmin olunur, digərləri isə, o cümlədən bir musiqi məktəbi fərdi istilik mənbəyindən istifadə edir və bu sahədə ciddi problem yoxdur.

Rayon ərazisində yerləşən məktəbəqədər uşaq müəssisələrinin istilik təchizatı da daim diqqət mərkəzində saxlanılır. Mövcud məktəbəqədər uşaq müəssisələrindən 12 uşaq bağçasının istilik təchizatı “ Azəristiliktəchizat “ ASC tərəfindən həyata keçirilir.

Hazırda rayon ərazisində respublika və şəhər tabeli 30 səhiyyə müəssisəsi - 19 xəstəxana, dispanser və 11 poliklinika fəaliyyət göstərir ki, bunlardan 14 səhiyyə müəssisəsi “Azəristiliktəchizat“ ASC-nin sisteminə qoşulmuşdur, 1 səhiyyə müəssisənin istilik təchizatı öz fərdi qazanxanası, 2 poliklinikanın istilik təchizatı digər mənbələr hesabına və 1 səhiyyə müəssisənin istiliyi qaz sobası vasitəsilə həyata keçirilmir ki, bunların da təchizatında problem yoxdur.

Rayon Su-Kanal idarəsi tərəfindən su təchizatının yaxşılaşdırılması məqsədi ilə müəyyən işlər görülmüşdür. Belə ki, rayon ərazisində 1081paqonmetrə yaxın müxtəlif diametrli su borusu təmir edilmiş, 2463 paqonmetr boru dəyişdirilmişdir. 770 paqonmetr kanalizasiya xətti dəyişdirilmiş və təmir olunmuşdur, 4 nasos, 3 elektrik mühərriki təmir edilmişdir. Su şəbəkələrində baş vermiş 2743 qəza aradan qaldırılmış, 15 su anbarı yuyulmuşdur. Ümumilikdə 77938 nəfərə yaxın abonent su ilə təmin olunmuşdur. Onların 80 faizi fasiləsiz su ilə təmin olunur.

Ötən dövrdə 2423 ədədi Smart-kart tipli sayğac olmaqla 5759 ədəd yeni su sayğacı quraşdırılmışdır. Ümumilikdə Smart-kart tipli sayğacların sayı 14530-a çatdırılmışdır.

Rayonun enerji satışı və istismarı idarəsi tərəfindən cari ildə Yeni Yasamal-2, 4, Əbdürrəhimbəy Haqverdiyev küçəsi, 7 nömrəli binalarda, Abbas Mirzə Şərifzadə küçəsi, 1, Tələbə şəhərciyində 0, 4 kv. luq 1220 metr kabel xətti dəyişdirilmiş, 630 m kabel xətti çəkilmişdir.

Əhalinin və müəssisələrin təbii qazla təminatının yaxşılaşdırılması məqsədi ilə rayonun 48 qaz tənzimləyici məntəqəsinə, 318 qaz tənzimləyici şkafa profilaktiki xidmət göstərilmişdir. Göstərilən müddətdə 23400 abonentin ünvanlarında texniki baxış keçirilmişdir. Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının norma və tələblərinə riayət edilməsi məqsədilə əhali arasında maarifləndirmə işləri davam etdirilməkdədir. Ümumilikdə il ərzində 1586 Smart – kart tipli qaz sayğacı quraşdırılmışdır. Ödənişin miqdarı 100 faizə çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin icbari tibbi müayinədən keçirilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti Başçısının 3 fevral 2015-ci il tarixli 22 nömrəli sərəncamı verilmişdir. 18 yaşından yuxarı rayon əhalisinin 167111 nəfəri, yəni 91, 66 faizi tibbi müayinəyə cəlb edilmiş, onlardan 2718 nəfər ambulator, 287 nəfər stasionar müalicəyə göndərilmişlər.

Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə xidmət edən tarix dərslərinin rayonun Heydər Əliyev Mərkəzlərində tədrisi davam etdirilmiş, rayonun tam orta məktəblərinin 2000 nəfərdən çox XI sinif şagirdi bu dərslərdə iştirak etmişlər.

Rayonun Heydər Əliyev Mərkəzində Ədliyyə Nazirliyi Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən gənclərin çoxsaylı nigah mərasimləri təşkil olunmuşdur.

Ötən il rayonda keçirilən tədbirlər rəngarəngliyi ilə yaddaqalan oldu. Bu dövrdə mühüm əhəmiyyəti olan bir sıra silsilə xarakterli tədbirlər də həyata keçirilmişdir. Onlardan daha çox zəruri olanlar 20 Yanvar hadisələrinin 25-ci ildönümü, “2 Fevral-Azərbaycan Gəncləri günü”, Xocalı soyqırımının 23-cü ildönümü, 8 Mart - Qadınlar Günü, Novruz bayramı, “Azərbaycanlıların soyqırımı günü”, “28 May – Respublika günü”, Milli Qurtuluş günü, Silahlı Qüvvələr, Azərbaycan bayrağı günü, Konstitusiya günü və Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə əlaqədar keçirilən tədbirlərdir.

Digər sahələrdə olduğu kimi rayonun təhsil müəssisələri də bir çox uğurlara imza atıblar. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunları Müşviq Əlizadə və Natiq Ağayev qızıl medala layiq görülmüşlər.

Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə Avropa liseyinin tarix müəllimi Tahirə Allahverdiyevaya, 308 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məhəbbət Məmmədovaya və Akademik Zərifə Əliyeva adına liseyin ingilis dili müəllimi Dursun Yaqubovaya “Əməkdar müəllim” fəxri adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Avropa liseyinin ibtidai sinif müəllimi Zeynəbxanım İsmayılova, 24 saylı Uşaq yaradıcılıq mərkəzinin direktoru Gülarə Quluzadə “Tərəqqi” medalı ilə təltif edilmişlər.

2014-2015-ci tədris ilində rayonun orta təhsil məktəblərində təhsilini başa vurmuş 1937 buraxılış məzunlarından 1238 nəfəri yüksək nəticələr göstərərək tələbə adını qazanmışlar. Bu da ümumi sayın 64 faizini təşkil edir. Bu isə ötən il ilə müqayisədə 14 faiz çox deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ali məktəblərə yüksək balla daxil olmuş 102 nəfər tələbəyə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb və sevindirici haldır ki, onlardan 4 nəfəri: – Zaur Şahverdiyev, Məhbubə Babaşova, Fərid İsmayılov Akademik Zərifə Əliyeva adına liseyin, Səidə Dadaşova 167 nömrəli məktəbin yetirmələridirlər.

Beynəlxalq müəllimlər günü münasibəti ilə 52 saylı tam orta məktəbin direktoru Elmira Ələsgərova, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Avropa liseyinin elmi rəhbəri Zülfiyyə Veysova, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edildilər.

“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tyarixli 503 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti Başçısının aparatında bir sıra tədbirlər görülmüşdür. Dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılması məqsədi ilə aparatın əməkdaşları tələb olunan kompüter avadanlıqları ilə təmin edilmiş və qoşulma-quraşdırma işləri icra olunmuşdur. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 12 may 2015-ci il tarixli 125 nömrəli sərəncamı ilə informasiya sisteminin məsul şəxsləri və sistem istifadəçiləri müəyyən edilmişlər. Adı çəkilən Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin göstəriş və tövsiyələrinin icrası təmin edilmişdir.

2015-ci ildə rayon İcra Hakimiyyəti Başçısının aparatına vətəndaşlardan 3695 müraciət daxil olmuşdur ki, bu da 2014-cü ildəkindən 636 ədəd və ya təqribən 15 faiz azdır.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının aparatına daxil olan müraciətlərdən 2071-i yuxarı dövlət orqanlarından, o cümlədən 226-sı nəzarətlə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 1008-i, o cümlədən 56-sı nəzarətlə, Milli Məclisdən 44-ü, o cümlədən 13-ü nəzarətlə, Nazirlər Kabinetindən 277-i, o cümlədən 72-si nəzarətlə, mərkəzi icra hakimiyyəti orqanlarından 742-si, o cümlədən 85-i nəzarətlə göndərilmişdir.

2015-ci ildə rayon İcra Hakimiyyəti Başçısının aparatda keçirilən qəbullarında 337 nəfər, səyyar qəbul-görüşlərdə isə 281 nəfər olmuşdur.

Respublikamızda həyata keçirilən işlərin həcmi gün-gündən artmaqdadır. Bu il Bakıda mötəbər beynəlxalq tədbir – Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Artıq İslam Həmrəyliyi İdman Federasiyası ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyimiz barədə müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili multikulturalizm ili elan etmişdir. Beynəlxalq tədbirlər ərəfəsində idarə, müəssisə və təşkilatların ətrafında abadlıq və təmizlik işləri aparılaraq daim nəzarətdə saxlanılmalıdır. Ümumiyyətlə, rayon ərazisində abadlıq, ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, xüsusən yaşıllıqların artırılması və qorunması istiqamətində işlərə geniş yer verilməlidir.

Hesabat tədbirində səsləndirilən müzakirələrdə Milli Məclisin deputatı Elşad Həsənov, payon prokuroru Rasim Hacıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov ötən il rayonda aparılan abadlıq və yenidənqurma işlərinin geniş vüsət aldığını bilidirdilər. Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Tağı Tağıyev ötən il ölkəmizin qazandığı uğurlardan söhbət açdı. Qeyd etdi ki, dünyanı bürüyən iqtisadi böhran respublikamıza bir o qədər də təsir göstərmir. Bunun əsas səbəbi dövlətimizin başçısının məntiqli siyasi və iqtisadi strategiyasıdır. T. Tağıyev ölkəmizdə əldə olunan uğurlarda Yasamal rayonunun da kifayət qədər payı olduğunu diqqətə çatdırdı.

Sonda qərar layihəsi oxundu və iclas iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər