Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirildi.

15 yanvar 2016 | 11:00

Yasamal rayonundakı 1 saylı tibb məktəbinin iclas zalında Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Təsərrüfat xidmətləri nümayəndələrinin, sakinlərin iştirak etdikləri toplantıda 2015-ci ildə rayonun mərkəz hissəsində həyata keçirilən işlərdən danışılıb, qarşıda duran vəzifələr müzakirə olunub, cari il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon icra hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Samir Allazov bildirdi ki, Bakı şəhərinin Baş planına əsasən şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatın yaxşılaşdırılması və bununla əlaqədar abadlıq-quruculuq işləri çərçivəsində Yasamal rayon ərazisində bir sıra yaşayış və qeyri-yaşayış sahələrində söküntü işləri aparılmaqdadır. Həmin söküntü ərazisinə Azərbaycan prospekti, Nəriman Nərimanov prospekti, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, habelə Nəriman Nərimanov, İnşaatçılar prospektləri və İsmayıl Qutqaşınlı küçəsi, Qurban Xəlilov və Bəhram Ağayev küçələri əhatəsində yerləşən ərazidə, Bəhram Ağayev küçəsi ilə Landau küçəsinin kəsişməsindən İsmayıl Qutqaşınlı küçəsini kəsməklə Qurban Xəlilov küçəsi də daxil olmaqla Mikayıl Müşviq küçəsi istiqamətindəki ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələri daxildir.

2015-ci il ərzində 8759 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrində ölçü işləri aparılmışdır. Ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahiblərindən 2769 nəfəri ödənişə göndərilmiş, 2698 nəfər sakinə isə artıq konpensasiya ödənilmişdir. Ümumilikdə 2320 yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsi planlaşdırılmışdır ki, bunlardan 1795-i artıq sökülmüş. 2320 yaşayış və qeyri-yaşayış sahəsinin 45-i tarixi binadır. Sökülən mənzillərdə qeydiyyatda olan 5956 nəfər sakin Yasamal rayon qeydiyyatından çıxmış və təsərrüfat uçotu kitabına işlənmişdir. Bundan əlavə söküntü zonasına düşən Sovetski ərazisində az kvadratlı mənzil sahiblərinə dövlət tərəfindən inşa edilmiş binadan 103 mənzil və 2 qeyri-yaşayış sahəsi verilmişdir.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 272 nömrəli 12. 07. 2013-cü il tarixli Yasamal rayon ərazisində Azərbaycan Respublikasında Dövlət Dili haqqında qanunun icrasının təmin olunmasına nəzarət bu ildə tərəfimizdən davam etdirilmişdir. Dövlət dili haqqında qanunun tələblərinə zidd olaraq idarə, təşkilat, ticarət və digər obyektlərin adı və fəaliyyət növü haqqında məlumatların yerləşdirildiyi lövhələrin, şüşə divar reklamlarının xarici dillərdə yazılması halları aşkar edilmiş, qanun pozuntularının qarşısının alınması üçün müvafiq tədbirlər görülmüşdür.

Qarşıda duran vəzifələr Yerli İcra Hakimiyyəti haqqında əsasnaməyə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısının tapşırıqlarını yerinə yetirmək, vətəndaşların sosial əhəmiyyətli sifarişlərini öyrənərək Rayon İcra Hakimiyyəti Başçısına təkliflər verməkdən ibarətdir.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2016-cı il üçün iş planını tərtib edərək Yasamal rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Fəaliyyətlərinə buna uyğun olaraq davam etdirəcəklərini, bununla yanaşı, paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlərin gələcəkdə də davam etdiriləcəyini vurğuladılar.

Tədbirdə mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq təkliflər verilib.

Keçidlər